×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir

Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Konfederasiyadan məlumat verilib.
Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Xocalı soyqırımını ötən əsrin ən dəhşətli faciəsi adlandırıb. Vurğulayıb ki, ermənilərin bu qədim türk torpağında törətdikləri vəhşiliklər nə insani, nə də müharibə qanunlarına sığmayan cinayətdir. Dinc şəhər sakinləri qəddarcasına qətlə yetirildi. Qocalar, qadınlar, uşaqlar süngüdən keçirildi. Meyitlərin üzləri, bədən əzaları doğrandı, kəsildi, tanınmaz hala salındı. Başaçıq, ayaqyalın qara bürünmüş çöllərdən qaçıb canını qurtarmaq istəyən xocalılılar əvvəlcədən Ağdama gedən yollar üzərində qurulmuş pusqulardan avtomat atəşinə tutuldular. Şəhərin küçələri, ətrafı meyitlərlə, can verən yaralıların ah-naləsi ilə cəhənnəmi xatırladırdı. Hələ bəşər tarixi belə tükürpədici mənzərə görməmişdi. Xocalı şəhəri bir gecənin içində yerlə yeksan edildi. Qocalı, uşaqlı 613 sakini qəddarlıqla öldürüldü. 150 nəfər itkin düşdü. 1275 nəfər əsir götürüldü. Əsirlər ağır işgəncələrə məruz qaldı.
AHİK sədri qeyd edib ki, ermənilər bu mənzərəni yaratmaqla Azərbaycan xalqının gözünü qorxutmaq, Qarabağın taleyini öz xeyirlərinə həll etmək istəyirdilər. İgid xocalılıların lokal müqavimətinə baxmayaraq, erməni vandallarının cinayətlərinin qarşısını almaq mümkün olmadı. Çünki o dövrdə Azərbaycan hakimiyyətinin başında qorxaq, iradəsiz, fərasətsiz insanlar dururdu. Onların fərasətsizliyi erməni separatçılarının və havadarlarının torpaq iştahını daha da artırdı. Ölkəmizin içərilərinə doğru addım-addım, soyqırımı törədə-törədə irəlilədilər. Əgər Heydər Əliyev fenomeni olmasaydı, kim bilir, bu vandalizm hara qədər davam edəcəkdi. Xalq başına gətirilən müsibətdən çıxış yolunu taleyini Heydər Əliyevə tapşırmaqda gördü. Ümummilli Lider respublika rəhbərliyinə gələn kimi, ilk addımlarından biri sovet tanklarının, silahlarının yedəyində irəliləyən ermənilərin növbəti hücumlarını dayandırmaq oldu. Xocalı həqiqətlərini dünyaya olduğu kimi tanıtmaq istiqamətində kampaniyaya start verdi. Bu, çox çətin məsələ idi. Çünki ermənilər Qarabağ müharibəsinin təkcə silahlı deyil, həm də siyasi əsaslarını uzun illər qabaq hazırlamışdılar. Təsəvvür edin ki, kütləvi qırğından dərhal sonra Xocalıya ermənilər 32 ölkədən 47 jurnalist dəvət etmişdilər. Onlar xarabazara çevrilmiş Xocalını dünyaya göstərib ağlaya-ağlaya deyirdilər ki, “azərbaycanlılar Xocalını yandırıb getdilər”, “azərbaycanlılar günahsız erməniləri qırdılar”.
“Belə bir şəraitdə, artıq xalqımızı dünyaya vəhşi obrazında təqdim etmiş əsl cinayətkarları tanıtmaq nə qədər çətin idi! Ümummilli Lider yalan məlumatlarla formalaşmış münasibəti öz müdrik siyasi iradəsi sayəsində dəyişə bildi. Heydər Əliyevin təşəbbüsü və iradəsi ilə 1994-cü ilin fevral ayında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdi”, - deyə S.Möhbalıyev vurğulayıb.
Sədr daha sonra deyib ki, illər ötsə də xalqımızın bu soyqırımı yarası köz bağlamır. Xalqımız dünya ictimaiyyətindən, nüfuzlu beynəlxalq qurumlardan ədalətli qərarlar tələb edir. Haqqın bərpa olunması, cinayətkarların cəzalandırılması uğrunda yorulmaz mübarizə aparır. Bu mübarizənin önündə isə Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Liderin layiqli davamçısı İlham Əliyev durur. Düzdür, ölkə Prezidentinin, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səyləri nəticəsində artıq dünyanın bir çox ölkəsində Xocalı faciəsi soyqırımı kimi tanınıb. Bu istiqamətdə işlər davam edir. İnanırıq ki, yaxın gələcəkdə erməni yalanları, hiylələri, saxta göz yaşları artıq keçərli olmayacaq.
Səttar Möhbalıyev çıxışının sonunda bildirib ki, dünya bizə doğru gəlir. Dünya sözünə, vədinə düz, dostluqda sədaqətli Azərbaycan adlı məmləkətlə əməkdaşlığa üstünlük verir. Yaxın, uzaq ölkələrin rəğbətini qazanmış dövlətimiz gündən-günə güclənir. Bütün xalqımız, o cümlədən onun tərkib hissəsi olan həmkarlar ittifaqı üzvləri inanırlar ki, biz Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi, əzəli torpaqlarımızın bütövlüyünü təmin edəcəyik. Xalqımıza qarşı törədilən cinayətlərin icraçılarının cəzalandırılmasına nail olacağıq.
Tədbirdə digər çıxış edənlər Xocalı soyqırımı günahkarlarının dünyaya tanıdılması üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.

Xocalı faciəsi 2019-02-22 19:07:00