×
A
A
A
Sazlamalar

Xocalı qətliamı xalqımızın yaddaşında silinməz izlər buraxıb

Ağcabədi, 22 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq Xocalıya zirehli texnika yeridib, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb. 27 il əvvəl baş verən Xocalı qətliamı xalqımızın yaddaşında silinməz izlər buraxıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsi və Mübariz Müharibə Veteranlar İctimai Birliyi ilə birgə təşkil etdiyi tədbirdə səslənib.
Tədbirdə Xocalı faciəsi qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, təşkilatın Qadınlar Şurasının sədri Radə Qafarova, Gənclər və İdman İdarəsinin əməkdaşı Cavid Bünyadov, rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, N saylı hərbi hissənin əsgəri Namiq Qasımov və başqaları çıxış edərək, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı yüz illər boyu həyata keçirilən soyqırımı və deportasiya siyasətindən danışıblar. Bildirilib ki, mərhələ-mərhələ həyata keçirilən bu siyasət nəticəsində azərbaycanlılar tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi şəkildə qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılaraq viran edilib.
Məktəblilərin ifasında Xocalı faciəsinə həsr olunmuş kompozisiyadan sonra, faciədən bəhs edən sənədli film nümayiş olunub.
Qeyd edək ki, tədbirdən əvvəl Ağcabədi şəhərindəki Şəhidlər xiyabanında şəhidlərin məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra N saylı hərbi hissənin atıcılıq mərkəzində Ağcabədi rayon məktəbliləri və gənc əsgərlərin iştirakı ilə atıcılıq yarışı keçirilib. Yarışın qaliblərinə YAP Ağcabədi rayon təşkilatının fəxri fərmanları və hədiyyələr təqdim edilib.

Regionlar 2019-02-22 18:44:00