×
A
A
A
Sazlamalar

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının hesabatı təsdiq olunub

Bakı, 22 fevral, AZƏRTAC 

Fevralın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının 2018-ci ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov tədbirdə hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, təşkilat tərəfindən akademiya rəhbərliyinin müəyyən etdiyi strategiyaya və şuranın illik fəaliyyət planına uyğun olaraq müvafiq işlər görülüb, bir sıra yeni layihələr həyata keçirilib. Şuranın elmi-ictimai fəaliyyəti gənclərin elmə marağını artırıb.
Famin Salmanov elmi müəssisələrin illik mühüm elmi nəticələri sırasında gənclərin nailiyyətlərinin olmasını diqqət çəkən başlıca məqamlardan biri kimi dəyərləndirib. Molekulyar biologiya, kimya, fizika-texnika, Yer elmləri və başqa sahələrdə beynəlxalq səviyyəli müştərək tədqiqatlara qoşularaq mühüm nəticələrə imza atan və həmin nəticələri “Web of sciences” elmi bazalarında referatlaşdırılmış impakt faktoru yüksək olan jurnallarda dərc etdirən gənc alim və mütəxəssislərin sıralarının genişlənməkdə olduğunu diqqətə çatdırıb.
Hesabat ilində tələbələrin innovasiya fəaliyyətinin genişləndirilməsi və multidissiplinar innovativ layihələrin hazırlanması üçün ali təhsil müəssisələri ilə əməkdaşlığa da önəm verilib, Azərbaycan Texniki Universitetində “Elmin sürət qatarı” layihəsinin təqdimatı olub.
Şuranın elmlə təhsilin vəhdətinin möhkəmləndirilməsi siyasətinə uyğun olaraq ayrı-ayrı institutlardakı gənclər şuraları müstəqil şəkildə “Bu günün şagirdi, sabahın alimi” layihəsi çərçivəsində şəhər və rayon məktəblərindəki “Kiçik Akademiya”lar ilə sıx əməkdaşlıq edir. O, AMEA-nın Təhsil Nazirliyi ilə ən uğurlu əməkdaşlığının nümunəsi olan “Sabahın alimləri” VII Respublika müsabiqəsi çərçivəsində gələcəyin alimi olacaq istedadlı məktəblilərin layihələrinin hazırlanmasında gənc mütəxəssislərin böyük rolu olduğunu deyib.
Alim bildirib ki, akademiya institutlarının həyata keçirdiyi elmi tədqiqatların və əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılmasında, eyni zamanda, istedadlı şagirdlərdə elmə marağın formalaşdırılmasında əsas vasitələrdən biri də AMEA-nın institut və təşkilatlarındakı “Açıq qapı” günlərinin müntəzəm davam etdirilməsi olub. Gənclərin fəaliyyətinin stimullaşdırılmasının vasitələrindən biri olan müsabiqələr ənənə halını almaqla, öz əhatə dairəsini də genişləndirib. 2018-ci ildə institutlarda “İlin gənc alimi”, “İlin tədqiqat layihəsi”, “Ən yaxşı elmi məruzə” və digər müsabiqələr keçirilib.
Famin Salmanov hesabat ilində akademiyada gənclərin beynəlxalq konfrans və simpoziumlar keçirildiyini nəzərə çatdırıb. O, şuranın həyata keçirdiyi ictimai tədbirlər, beynəlxalq əməkdaşlıq əlaqələri, gənclərin mükafatlandırılması və digər tədbirlər haqqında da geniş məlumat verib.
Məruzəçi vurğulayıb ki, Azərbaycan elminin parlaq sabahı üçün gənclərin fəaliyyətini əlaqələndirən şura həmişə yeni hədəflər və ideyalar axtarışındadır. Şura bundan sonra da AMEA-nın gənclərinin elmi inkişafına xidmət edən istənilən təşəbbüsün real imkanlara çevrilməsinə çalışacaq.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli şuranın hesabatını yüksək qiymətləndirib, fikir və rəylərini bildiriblər.
AMEA Genetik Ehtiyatlar İnstitutunun insan genetikası laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru, Prezident mükafatçısı Allahverdi Şahverənov, İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Günay İsgəndərli, YT Parkın patent sertifikatlaşdırma, marketinq və biznes inkubasiya şöbəsinin müdir müavini Vüsal Süleymanlı, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistrantı Səbinə Umarova, Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə çıxış ediblər.
Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb. Hesabat yekdilliklə qəbul olunub.

Elm və təhsil 2019-02-22 18:19:00