×
A
A
A
Sazlamalar

Ankarada keçirilən III Milli Birlik və Bərabərlik Simpoziumunda ölkəmiz də təmsil olunub

Bakı, 22 fevral, AZƏRTAC

Türkiyənin paytaxtı Ankara şəhərində III Milli Birlik və Bərabərlik Simpoziumu keçirilib.
Azərbaycan Yazıçılar Birliyindən AZƏRTAC-a bildirilib ki, tədbir Türkiyənin Elm və Ədəbi Əsər Sahibləri Məslək Birliyi (İLESAM), bu ölkənin Mədəniyyət və Turizm Nazirliyi və TİKA-nın təşkilati dəstəyi ilə reallaşıb.
Ölkəmizi simpoziumda Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri, İLESAM-ın Azərbaycan təmsilçisi, şair-jurnalist Xəyal Rza, Azərbaycan Müəllifləri İctimai Birliyinin sədri İsmayıl Məmmədkərimov, AYB-in Moskva bölməsinin sədri, professor Abuzər Bağırov təmsil edib.
İLESAM-ın sədri Mehmet Nuri Parmaksız türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin Türk Dünyası Onur Medalına layiq görüldüyünü elan edib. Mükafat Bəxtiyar Vahabzadənin ailəsini təmsil edən İsmayıl Məmmədkərimova təqdim edilib.
Professor Abuzər Bağırov türk dünyasının dəyərli şairi Bəxtiyar Vahabzadə ilə bağlı xatirələrindən danışıb, Xalq şairinin yaradıcılığı ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.
AYB-in mətbuat xidmətinin rəhbəri Xəyal Rza simpoziumun birinci panelində çıxış edib. O, çıxışını Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilib. Ermənilərin törətdiyi vəhşilikləri elə onların özlərinin etiraflarından - Zori Balayanın yazılarından sitat gətirməklə qeyd edən Xəyal Rza Gürcüstanda Xocalı soyqırımının qatilinə qoyulmuş heykələ də toxunub. Bu hadisədən 27 il keçdiyini, lakin hələ də soyqırımı cinayətkarlarının azadlıqda gəzdiyini vurğulayıb. Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan Ermənistanın bu əməllərinə dünyanın ədalətsiz yanaşması ilə bağlı danışan Xəyal Rza Böyük Türk Birliyinin vacibliyinə də toxunub.

Mədəniyyət 2019-02-22 17:39:00