×
A
A
A
Sazlamalar

Sabirabadda dövlət-din münasibətlərindən danışılıb

Bakı, 22 fevral, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Sabirabad Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə fevralın 21-22-də “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov cəmiyyətin, xüsusilə gənclərin yad dini ideologiyaların təsirindən qorunmasında dini maarifləndirmə tədbirlərinin mühüm rola malik olduğunu deyib. Natiq, eyni zamanda, məzhəb ayrı-seçkiliyinə qarşı vəhdət və həmrəyliyin əhəmiyyətindən də danışıb.
Dövlət-din münasibətlərindən bəhs edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan dövlətinin din siyasətinin prioritet istiqamətlərindən birinin məhz tolerantlıqla bağlı olduğunu bildirib. O qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin davamı olaraq Prezident İlham Əliyev tolerantlığı dövlət siyasəti səviyyəsinə qaldırıb. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz beynəlxalq fəaliyyəti, həyata keçirdiyi çoxsaylı layihələri ilə ölkəmizin multikultural mühitinin üstünlüklərini dünyada əyani şəkildə nümayiş etdirir.
DQİDK sədrinin birinci müavini bildirib ki, Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri tarixən əmin-amanlıq şəraitində yaşayıblar. O, cəmiyyətimizin bu gün də tolerantlıq prinsiplərinə, multikultural ənənələrə sadiq qaldığını diqqətə çatdırıb. S.Salahlı ölkəmizdə dünyəvi dəyərlərə, bəşəri ideallara, eləcə də başqa dini dəyərlərə hörmət göstərildiyini deyib.
Dövlət Komitəsinin dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Saleh Aslanov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad şəhər Heydər məscidi dini icmasının sədri Məhəmməd Əliyev dini radikal qrupların gənclər arasında təbliğat metodlarından danışıblar. Vurğulanıb ki, dini radikalizm və ekstremizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin təbliğinin böyük rolu var.
İkigünlük seminar-müşavirədə DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub və tədbir iştirakçılarının sualları cavablandırılıb.
Tədbirdə rayon icra hakimiyyəti başçısının ərazi nümayəndələri, bələdiyyə sədrləri, dindarlar, dini icma sədrləri və gənclər iştirak ediblər.

Cəmiyyət 2019-02-22 16:41:00