×
A
A
A
Sazlamalar

Astarada Xocalı soyqırımına həsr olunmuş tarix dərsləri keçirilir

Astara, 22 fevral, Bağır Əliyev, AZƏRTAC

Astara şəhərindəki Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “XX əsrin faciəsi - Xocalı” mövzusunda tarix dərsləri keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara şəhər 1 və 3 nömrəli, Ərçivan qəsəbə 4 nömrəli tam orta və Rüdəkənar kənd ümumi orta məktəblərində keçirilən tarix dərslərində Mərkəzin bələdçisi Cəmalə Məmmədovanın mövzu ilə bağlı məruzəsi dinlənilib.
Dərslərdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tarix dərslərində şagirdlərə məlumat verilib ki, Xocalı soyqırımı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Bu qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalıya hücuma keçərək bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq şəhərə zirehli texnika yeridib, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutublar. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.
Diqqətə çatdırılıb ki, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında, bu qətliama siyasi və hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri böyükdür.
Prezident İlham Əliyevin səyi, Azərbaycanın artan nüfuzu, uğurlu diplomatiyası sayəsində dünya ictimaiyyəti başa düşür ki, Ermənistanın dövlət siyasətinin əsasında terrorçuluq və işğalçılıq siyasəti dayanır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!" kampaniyasında məqsəd ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə həqiqətləri beynəlxalq aləmdə yaymaqdır.
Tarix dərslərindən sonra məktəblilər Heydər Əliyev Mərkəzinin fondunda saxlanılan Xocalı şəhidlərinin fotolarına və Rəssamlıq dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.

Xocalı faciəsi 2019-02-22 16:43:00