×
A
A
A
Sazlamalar

Milli Meşə Proqramının qəbul edilməsi meşə sektorunda yeni mərhələnin başlanğıcı olacaq

Bakı, 22 fevral, AZƏRTAC

Milli Meşə Proqramının qəbul edilməsi meşə sektorunda yeni bir mərhələnin başlanğıcı olacaq.
AZƏRTAC xəbər verir ki, bunu fevralın 22-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Milli Meşə Proqramının hazırlanmasına həsr olunmuş mətbuat konfransında nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Onun verdiyi məlumata görə, ölkəmizin ümumu meşə fondunun sahəsi 1,2 milyon hektardır və bu, ölkə ərazisinin 14 faizini, meşə ilə örtülü sahələrin isə 12 faizini təşkil edir.
Meşələrin qorunması, daha səmərəli idarə edilməsi və meşə sektorunun inkişaf etdirilməsinin nazirliyin fəaliyyətinin əsas prioritetlərindən biri olduğunu qeyd edən mətbuat xidmətinin rəhbəri bu sahədə işləri daha sistemli və kompleks şəkildə qurmaq üçün hazırda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi ilə yeni Milli Meşə Proqramı üzərində iş aparıldığını və Proqramın ilkin layihəsinin hazır olduğunu bildirib: “2020-2030-cu illəri əhatə edəcək yeni Proqram nazirliyin beynəlxalq təcrübəyə əsaslanaraq meşəçilik sistemində görəcəyi işlər üçün bir yol xəritəsidir və hesab edirik ki, Milli Meşə Proqramının qəbul edilməsi meşə sektorunda yeni bir mərhələnin başlanğıcı olacaq”.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Avropa İqtisadi Komissiyasının meşəçilik sektoru üzrə rəis müavini Əkrəm Yazıçı Milli Meşə Proqramının hazırlanmasında beynəlxalq təcrübənin əsas götürüldüyünü söyləyərək deyib: “FAO dünyanın 85–dən artıq ölkəsində milli meşə proqramının hazırlanmasına dəstək verir. Meşələrin qorunması, inkişafı və davamlı istifadəsi üçün həmin proqramın hazırlanması çox vacibdir. Azərbaycan az meşəli ölkə olmasına baxmayaraq biomüxtəliflik etibarı ilə çox zəngindir. Azərbaycanda 450-dən artıq ağac və kol bitkiləri yayılıb ki, bunlardan da 70-i endemikdir”.
Onun dediyinə görə, hazırlanan yeni proqramda həmin xüsusiyyətlər nəzərə alınmaqla meşələrin qorunması, inkişafı və davamlı istifadəsinə töhfə verəcək və gənclərin bu sahəyə olan marağının daha da artırılmasında mühüm rol oynayacaq.
Meşələrin yeni inkişaf strategiyası və fəaliyyət planı hazırlandığı barədə danışan Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov deyib: ”Yeni Milli Meşə Proqramının hazırlıq işlərinə ötən il başlanılıb və bununla bağlı beynəlxalq ekspertlərin, FAO-nun və nazirliyin aidiyyəti qurumlarının iştirakı ilə geniş müzakirələr aparıldıqdan sonra Proqramın ilkin layihəsi tamamlanıb. Milli Meşə Proqramı 2020-2030-cu illəri əhatə edən on illik müddət üçün nəzərdə tutulur. Proqram ölkənin meşə təsərrüfatı xidmətini əhatə edir, milli və beynəlxalq təcrübəyə əsaslanır, o cümlədən idarəçilikdə dövlət qurumlarının və QHT-lərin aktiv şəkildə iştirakının təmin olunmasına yönəlib”.
Sektor müdiri daha sonra deyib: “Dövlət başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri” gələcəkdə ölkəmizin əsas inkişaf prioritetlərini özündə əks etdirən aparıcı sənəddir. Bu baxımdan Milli Meşə Proqramının məqsədlərinin və strateji prioritetlərinin hazırlanması zamanı dünyada tətbiq olunan meşələrin dayanıqlı istifadəsi üzrə doqquz meyar əsas götürülüb. Eyni zamanda, yerli qurumların ehtiyaclarını və gözləntilərini öyrənmək məqsədilə ölkə səviyyəsində qiymətləndirmələr aparılıb. Milli Meşə Proqramının yenilənməsi və meşə idarəetmə sisteminin müasirləşdirilməsi Milli Meşə Siyasətinin modernləşdirilməsini ehtiva edir və yeni yol xəritəsinin hazırlanması meşə ekosisteminin qorunub saxlanılmasında, yeni meşə sahələrinin salınması və meşə təsərrüfatından beynəlxalq təcrübələr əsasında davamlı istifadə edilməsi istiqamətində irəliyə doğru atılmış mühüm addım hesab olunur.
O, proqramın yaxın iki-üç ayda tamamlanmasının nəzərdə tutulduğunu bildirərək sənəddə əks olunan meyarlar içərisində xüsusilə meşələrin inkişafına yerli icmaların cəlb edilməsini və meşələrin inventarizasiyası və qiymətləndirməsini önə çəkərək deyib ki, proqramın qəbul edilməsinin meşələrin qorunması, yeni meşə sahələrinin salınması, ondan davamlı və səmərəli istifadənin təmin edilməsində mühüm rol oynayacaq.
Mətbuat konfransında jurnalistləri maraqlandıran suallara cavablar verilib.

Ekologiya 2019-02-22 16:24:00