×
A
A
A
Sazlamalar

On nəfər Xaçmaz sakini Dəmiryolu Səyyar Klinikasında gözündən əməliyyat olunaraq sağlamlığına qovuşub VİDEO

Xaçmaz, 22 fevral, Elxan Yusifli, AZƏRTAC 

İki gün ərzində Xaçmazda fəaliyyət göstərən Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikasının xidmətlərindən 180 sakin faydalanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tibbi aksiya çərçivəsində Milli Oftalmologiya Mərkəzinin müasir avadanlıq və aparatlar ilə təchiz edilmiş avtomaşınında səyyar klinikanın həkimləri 10 nəfər üzərində uğurlu cərrahiyyə əməliyyatı aparıb.
Səyyar Klinika vasitəsilə tibbi xidmətin göstərilməsində məqsəd pasiyentləri operativ şəkildə erkən müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı problemlərin həllinə kömək göstərmək və cərrahi əməliyyat etməkdən ibarətdir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası 2018-ci ildən fəaliyyətə başlayıb. Səyyar klinika ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Azərbaycan-Gürcüstan sərhədi ərazisində fəaliyyət göstərəcək.
Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksəkixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün ən müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Qatarın uzunluğu 25, eni 3 metrdir. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər.
Bununla yanaşı, 2005-ci ildən mərkəzin avtomobil Səyyar Klinikası mütəmadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında pasiyentlərə xidmət göstərir.
Səyyar xidmətdən faydalanan Xaçmaz sakinləri belə bir aksiyanın təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
Dəmiryolu Səyyar Klinikasının növbəti dayanacağı fevralın 28-dən martın 1-dək Şəki olacaq.

Regionlar 2019-02-22 16:08:00

Video