×
A
A
A
Sazlamalar

AzMİU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 22-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə Xocalıda qətlə yetirilmiş soydaşlarımızın, soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan universitetin nəqliyyat fakültəsinin 1-ci kurs tələbəsi Məhbubə Nağızadə iştirakçılara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasəti, xalqımıza qarşı törədilən etnik təmizləmə ilə bağlı faktlar və soyqırımı cinayətləri barədə ətraflı məlumat verib.
Tədbirdə Qarabağ müharibəsi veteranı, Azərbaycan Respublikası Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin prokuroru, baş ədliyyə müşaviri, AzMİU-nun ictimai fənlər kafedrasının dosenti Zahid Vəliyev Xocalıda keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı və dəstəyi ilə erməni quldurlarının törətdikləri ağlasığmaz qəddarlıqdan söhbət açıb. Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğu vurğulanıb. O, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsinin Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini qeyd edib. Soyqırımına siyasi-hüquqi qiymətin ilk dəfə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini bildirən Z.Vəliyev Xocalı barədə həqiqətlərin dünya miqyasında yayılması məqsədilə Heydər Əliyev Fondunun böyük işlər gördüyünü diqqətə çatdırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində diplomatik nümayəndəliklərimiz və diaspor təşkilatlarımız tərəfindən müxtəlif tədbirlərin həyata keçirildiyi, filmlər çəkildiyi və bu tədbirlər nəticəsində erməni təcavüzünə düzgün siyasi qiymətin verilməsinə nail olunduğu vurğulanıb.
Sonda tədbir iştirakçıları “Xocalı dərsi” sənədli filminə baxıblar.

Qan yaddaşı 2019-02-22 15:58:00