×
A
A
A
Sazlamalar

Azərbaycan iş adamlarının iştirakı ilə Kvemo Kartlidə forum keçiriləcək

Tbilisi, 22 fevral, AZƏRTAC

Gürcüstanın Kvemo Kartlı bölgəsi sərmayə qoyuluşu üçün geniş imkanlara malikdir. Ümid edirik ki, Azərbaycan iş adamları bu bölgəyə sərmayə qoymaqda maraqlı olacaqlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili “Caspian Euorepan Club”un Tbilisidə təşkil etdiyi "CEO Lunch"dakı çıxışı zamanı söyləyib.
Qubernator deyib ki, Kvemo Kartli bölgəsində kənd təsərrüfatı, xüsusilə maldarlıq, əkinçilik, meyvəçilik, sənaye, günəş enerjisi istehsalı, turizm və digər sahələri çox böyük potensiala malikdir. Bu sahələrə investisiya qoyuluşu çox böyük gəlirlər vəd edir. O, Azərbaycan iş adamlarını bölgəyə dəvət edib. Bildirib ki, bu gün Gürcüstanda çoxlu sayda Azərbaycan şirkətləri var. Onların da bölgəyə sərmayə qoyması bizim üçün də faydalı olacaq.
Ş.Rexviaşvili bildirib ki, yaxın vaxtlarda Azərbaycan iş adamlarının iştirakı ilə Kvemo Kartli bölgəsində forum və bu bölgəyə turist səfərləri təşkil olunacaq.
O, həmin forum və səfərin əlaqələrin inkişafına təkan verəcəyinə əmin olduğunu vurğulayıb.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

İqtisadiyyat 2019-02-22 15:33:00