×
A
A
A
Sazlamalar

Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2019-cu ilin mart ayında Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın Xalq artisti Hacıbaba Hüseynəli oğlu Hüseynovun anadan olmasının 100 illiyi tamam olur. 

Qədim xanəndəlik sənəti ənənələrinin layiqli davamçılarından biri kimi Hacıbaba Hüseynov muğamı və bədii sözü ahəngdar şəkildə uzlaşdırmış, yüksək ifaçılıq mədəniyyətinin parlaq nümunələrini yaratmışdır. Təsirli və məlahətli səsə malik sənətkar mahir ifaçısı olduğu rəngarəng muğamlarla yanaşı, çoxsaylı təsniflər və xalq mahnıları ilə musiqisevərlərin qəlbində silinməz iz qoymuşdur. Hacıbaba Hüseynov daim saflığını qorumağa çalışdığı muğamın tədrisi sahəsində də uzun illər səmərəli fəaliyyət göstərmiş və məşhur xanəndələrin bütöv bir nəslinin yetişdirilməsinə böyük əmək sərf etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın musiqi mədəniyyətinin inkişafı və təbliğində təqdirəlayiq xidmətləri olan ustad sənətkar Hacıbaba Hüseynovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Hacıbaba Hüseynovun 100 illik yubileyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 fevral 2019-cu il.

Sərəncamlar 2019-02-22 15:32:00