×
A
A
A
Sazlamalar

Naxçıvanda “Xocalını unutma!” adlı rəsm sərgisi açılıb

Naxçıvan, 22 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalını unutma!” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə “Xocalıya qayıdış” adlı videoçarxa baxış olub. Sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək diqqətə çatdırıb ki, Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilən cinayətdir. Ona görə də Azərbaycan xalqı və bütün bəşəriyyət bu amansız qətliamı heç vaxt unutmayacaq. Bu faciənin bədii əsərlərdə, kinofilmlərdə, musiqi və rəsm əsərlərində gələcək nəsillərə, eyni zamanda, dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl iş görülür. Bu gün Xocalıya həsr edilən sərgidə naxçıvanlı rəssamların müxtəlif janr və üslubda nümayiş olunan əsərləri faciəni göz önündə canlandırır və “Xocalıya ədalət!” şüarını canlı şəkildə əks etdirir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar Mədəniyyət İşçisi, şair Asim Əliyev, Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz, İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun mədəniyyət attaşesi Məhəmmədrza Pakravan, Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov çıxış edərək, ermənilərin törətdikləri Xocalı soyqırımına öz münasibətlərini bildirib və faciə qurbanlarının xatirəsinin əbədi yaşayacağını vurğulayıblar.
Şairlərdən Elxan Yurdoğlu, Əbülfəz Ülvi, Vəli Qaraxan, Tofiq Qəbul Xocalıya aid şeirlərini qiraət ediblər. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Cəlil İsmayılsoy tarda “Qarabağ şikəstəsi”ni səsləndirib.
Sonda sərgiyə baxış olub.
Fevralın 26-dək davam edəcək sərgidə 22 rəssamın 40 əsəri nümayiş olunur.

Xocalı faciəsi 2019-02-22 14:48:00