×
A
A
A
Sazlamalar

Milli Kitabxanada “Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisi açılıb

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 22-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisinin açılış mərasimi və Ulduz Qasımın “Xocalı şikəstəsi” adlı kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşan sərginin açılışından öncə kitabxananın direktoru Kərim Tahirov çıxış edərək Xocalı faciəsi haqqında məlumat verib. Bildirib ki, Prezident İlham Əliyev “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 2019-cu il 5 fevral tarixli Sərəncam imzalanıb və müvafiq tədbirlər planının həyata keçirilməsi nəzərdə tutulub. Hər il olduğu kimi, bu il də həmin faciəni dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə müvafiq Sərəncamla “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib və icra olunur.
Direktor bildirib ki, Xocalı faciəsinin qurbanları ölkəmizdə və onun hüdudlarından kənarda da hər bir azərbaycanlı tərəfindən dərin hüznlə yad edilir. Azərbaycan tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımından 27 il ötməsinə baxmayaraq, hər birimiz bu faciəni ağrısını yaşayırıq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt edib, yüzlərlə dinc sakin öldürülüb, şikəst edilib, qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıb.
Xocalı qırğının təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş cinayət olduğunu deyən Kərim Tahirov bu faciənin daha geniş miqyasda tanıdılması, soyqırımı aktı kimi qəbul olunması istiqamətində mühüm addımların atıldığını vurğulayıb. Bu baxımdan Heydər Əliyev Fondunun dəstəyi ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.
Milli Kitabxananın direktoru qeyd edib ki, Xocalı faciəsi və onun qurbanları haqqında yüzlərlə kitablar nəşr edilib, yerli və xarici mətbuat səhifələrində yazılar dərc olunub. Ulduz Qasımın müəllifi olduğu “Xocalı şikəstəsi” adlı romanı da Xocalı faciəsini və hadisələrin sonrakı inkişafını ümumiləşmiş şəkildə, bədii obrazlar vasitəsilə dolğunluqla əks etdirən bir əsərdir. Bildirib ki, hələ Xocalı haqqında çox kitablar yazılmalı, xalqımızın başına gətirilən bu müsibətlər ədəbiyyatımızda layiqincə təbliğ olunmalı, gənc nəsil bu faciənin ağrı–acılarını tarixi faktlarla yanaşı, belə əsərlərdən də oxuyub öyrənməlidirlər.
Sonra kitabın müəllifi Ulduz Qasım çıxış edərək romanın bədii əsər olsa da, real hadisələr əsasında yazıldığını bildirib. O, Xocalıda baş verən hadisənin hər bir azərbaycanlıya təsir etdiyini, buranın Qarabağın yaralı yeri olduğunu söyləyib.
Yazıçı-publisist Rəhilə Gülgün çıxışında kitab haqqında fikirlərini bölüşüb, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, tariximizin təbliği üçün bu əsərin əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra Milli Kitabxananın əməkdaşları Səyyarə Məmmədli, Tərlanə Əliyeva Xocalıya həsr etdikləri şeirləri söyləyiblər.
Sonda tədbir iştirakçıları Xocalı faciəsini özündə əks etdirən 300-dən artıq Azərbaycan və digər dillərdə nəşr olunmuş kitab və dövri mətbuat materiallarını, fotoşəkilləri əhatə edən sərgi ilə tanış olublar.
Sərgi bir həftə nümayiş olunacaq.

Mədəniyyət 2019-02-22 14:15:00