×
A
A
A
Sazlamalar

Avtomobil yolları işçiləri peşə bayramlarını qeyd ediblər YENİLƏNİB

Bakı, 22 fevral, Ramiz Quliyev, AZƏRTAC
Avtomobil yolları işçiləri peşə bayramlarını qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibətilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov və agentliyin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Daha sonra agentliyin kollektivi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində keçirilən tədbirdə S.Məmmədov respublikamızda yol infrastrukturu sahəsində əldə edilən uğurların təməlində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan xarici və daxili siyasətin dayandığını bildirib. O, “Əgər müasir infrastruktur, yol olmasa, iqtisadiyyat inkişaf edə bilməz” - sözlərinin Ulu Öndərin yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiq etdiyini vurğulayıb. Bu əlamətdar hadisənin Prezident İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə qeyd edildiyini deyən agentliyin rəhbəri bildirib ki, peşə bayramlarını qeyd edən avtomobil yolları işçiləri hazırda ölkəmizdə gedən sosial-iqtisadi inkişafa töhfə verməklə, respublikada yol infrastrukturunun formalaşmasında mühüm rol oynayırlar.
S.Məmmədov son illər ölkədə Prezident İlham Əliyev tərəfindən yol infrastrukturunun müasirləşməsi, yenidən qurulması və beynəlxalq standartlara uyğun tikintisi, təmiri sahəsində həyata keçirilən mühüm tədbirlərdən söz açıb.
Diqqətə çatdırılıb ki, yolların müasir tələblərə uyğun yenidən qurulması sərnişin və yükdaşımaların keyfiyyətcə yaxşılaşmasına imkan yaratmaqla yanaşı, iqtisadiyyatın inkişafını təmin edir, ölkənin turizm potensialından səmərəli istifadəni sürətləndirir. Bunun bariz nümunəsidir ki, vətəndaşların rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək, sərnişin və yük daşımasını asanlaşdırmaq, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizm və kənd təsərrüfatının inkişafına təkan vermək məqsədilə son iki il ərzində ümumi uzunluğu 3 min kilometrdən çox olan avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub, təmir olunub.
Bildirilib ki, təkcə 2018-ci ildə 90 yol infrastrukturu layihəsi üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. Bu layihələrin həyata keçirilməsi 2,2 milyon əhalinin yaşadığı 920 yaşayış məntəqəsini əhatə edib. Cari ildə də bu istiqamətdə işlər davam etdiriləcək və kəndlərarası, qəsəbələrarası avtomobil yollarının tikintisi olmaqla ümumilikdə 50-dən çox yol infrastrukturu layihəsinin gerçəkləşdirilməsi nəzərdə tutulub.
Qeyd olunub ki, bu il ilkin mərhələdə ümumi uzunluğu 1000 kilometrdən çox olan 43 rayon üzrə rayon və qəsəbədaxili, kənd və qəsəbələrarası avtomobil yollarını əhatə edən 50 yol infrastrukturu layihəsi icra olunacaq. Eyni zamanda, respublika əhəmiyyətli və magistral yolların da tikintisi həyata keçiriləcək. Maddi-texniki bazanın gücləndirilməsi məqsədilə 270 adda yeni maşın və mexanizmin alınması da planlaşdırılıb.
Sonda S.Məmmədov agentlikdə uzunmüddətli, səmərəli əmək fəaliyyətinə görə bir sıra əməkdaşlara diplom və mükafatlar təqdim edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Tikinti̇ 2019-02-22 12:46:00