×
A
A
A
Sazlamalar

Duzun duz yeri, şəkərin öz yeri…

Bakı, 22 fevral, AZƏRTAC

Şəkər və duzun normadan artıq qəbul edilməsi insan sağlamlığına mənfi təsir göstərir. Onların qədərindən artıq istifadəsi bəzi xəstəliklərin yaranması ilə yanaşı, bir sıra xəstəliklərin fəallaşmasına da səbəb olur.
AZƏRTAC həmin məhsulların istifadə qaydası ilə əlaqədar mütəxəssislərə müraciət edib.
Həkim-endokrinoloq, tibb üzrə fəlsəfə doktoru Aytən Babaxanlının dediyinə görə, insan gün ərzində 10 faizdən artıq şəkər qəbul etməməlidir: “Şəkər normadan artıq olanda hüceyrələr onu mənimsəyə bilmədiyinə görə, əsas yük insulin hormonunun üzərinə düşür. Bunun nəticəsində şəkərli diabet, piylənmə və metabolik xəstəliklərin əmələ gəlməsi üçün risk yaranır.
Bal, meyvə və tərəvəzlərin tərkibində olan təbii şəkərlərdən fərqli olaraq qənd, şəkər tozu və s. süni şəkər əvəzedicilərinin çox qəbul edilməsi insan orqanizmi üçün çox ziyandır. Həmin siyahıya içkilərin tərkibində olan kimyəvi şəkərlər də daxildir”.
Diyetoloq Ləman Süleymanova da həmin məhsulların zərərli təsirini etiraf edir: “Bəzi qazlı içkilərin tərkibində olanlar kimyəvi birləşmələrlə zənginləşən şəkər sayılır və qaraciyərə çox mənfi təsir göstərir, yorğunluq və halsızlıq əmələ gətirir. Bəzi energetik içkilərin tərkibindəki şəkər də zəhərli şəkər hesab edilir və onun qəbulu immunitetin kəskin zəifləməsinə, mədə xərçənginə və piylənmə yaranmasına səbəb ola bilər. Hər 90 pasiyentdən 20-30 nəfərini şəkəri çox qəbul edənlər təşkil edir”.
Mütəxəssislərin dediyinə görə, gün ərzində orqanizmə 5 qram, yəni bir çay qaşığı duz qəbul olunması kifayət edir. Diyetoloqun dediklərinə əsasən duzun artıq olması fəsadlara aparıb çıxarır, onun çoxluğu yüksək təzyiq və onun fonunda miokard infarktı, insult və çəkinin aşağı düşməsinə mane olan faktordur: “Genetik modifikasiya olunmuş, uşaqların daha çox istifadə etdiyi xüsusi qablaşdırılmış şirniyyatların tərkibində olan duzlar faydasız hesab edilir. Hətta mədəaltı vəzin fəaliyyətinə çox mənfi təsir göstərir, ürək-damar xəstəlikləri olanlar üçün çox zərərlidir, qanda xolesterinin artmasına səbəb olur”.
Lakin çəkər və duzdan tam şəkildə imtina etmək də düzgün deyil, çünki şəkər orqanizmdə enerji mənbəyidir. Onun azlığı əhvali-ruhiyyənin aşağı olmasına səbəb olur, emosionallıq, depressiya və ətraf mühitə qarşı laqeydlik yaradır. Duz isə orqanizmdə damar tonusunu normada saxlayır. Arterial təzyiqin, ürək-damar, həmçinin sinir sisteminin fəaliyyətini tənzimləyir.

Sağlamlıq klubu 2019-02-22 13:05:00