×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Marneulidə anılıb

Tbilisi, 21 fevral, AZƏRTAC

Gürcüstanın Marneuli şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə səfirliyin əməkdaşları, Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev, Tamaz Naveriani, qubernatorun müavini Zaur Darğallı, azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Xocalı soyqırımından bəhs edən fotosərgi ilə və Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti haqqında kitablarla tanış olublar.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının, Azərbaycanın və Gürcüstanın müstəqilliyi və suverenliyi naminə həyatlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək 1992-ci il fevralın 26-da bütün dünyanı öz dəhşəti ilə sarsıtmış Xocalı faciəsindən 27 il keçdiyini qeyd edib, həmin günün azərbaycanlılar üçün ən kədərli günlərdən biri olduğunu bildirib. Diplomat qeyd edib ki, bu faciə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixində ən böyük kütləvi qırğındır. Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinin mülki sakinləri və şəhərin müdafiəçiləri bu qırğının qurbanları olublar. Müharibəyə qədər Xocalı şəhərində 7000 min sakin yaşayırdı. 1991-ci ilin oktyabr ayında şəhər erməni silahlı qüvvələri tərəfindən tam mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə şiddətli artilleriya atəşlərindən sonra şəhərə müxtəlif istiqamətlərdən hücum başlandı. Xocalıya hücum və şəhərin işğalı nəticəsində qadınlar, uşaqlar və ahılla da daxil olmaqla, yüzlərlə dinc azərbaycanlı qətlə yetirildi, yaralandı və ya girov götürüldü, şəhər özü isə yerlə-yeksan edildi. Səfir faciənin qurbanlarına bütün bu əzabların verilməsinin yeganə səbəbinin onların sadəcə azərbaycanlı olması olduğunu vurğulayıb. Bildirib ki, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir əsaslı iş görməyib. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verilib. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan edib.
Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının dünya ictimaiyyətinə bu faciə barədə həqiqətlərin çatdırılması üzrə böyük nailiyyətlər əldə etdiyini deyib. Xocalı soyqırımının artıq bir sıra ölkələr, o cümlədən ABŞ-ın iyirmidən çox ştatı, Meksika, həmçinin bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanındığını bildirib. Bu faciəni törədənlərin tezliklə əməllərinə görə beynəlxalq hərbi tribunal qarşısında cavab verməli olduqlarını vurğulayıb.
Deputat Ruslan Hacıyev çıxışında deyib ki, Azərbaycan xalqına qarşı törədilmiş Xocalı qətliamı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi və insanlığa qarşı cinayətdir. O, bu faciənin erməni cəlladları tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı işğal olunmuş şəhər və kəndlərdə törədilən dəhşətlərin və etnik təmizləmələrin simvoluna çevrildiyini bildirib.
Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Zaur Darğallı bildirib ki, Xocalıdakı vəhşilik beynəlxalq hüquqa, mənəvi və insani normalara zidd olaraq qəsdən törədilib. O, cinayətkarların tezliklə cəzalarına çatacaqlarına inandığını vurğulayıb.
Deputat Tamaz Naveriani Azərbaycan torpaqlarının indiyədək Ermənistan işğalı altında olduğunu qəti şəkildə pisləyib, Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşdüyünü deyib.
Politoloq Levan Çixeidze çıxışında Xocalıda törədilənlərin yalnız bir millətin faciəsi deyil, bəşəriyyətin faciəsi olduğunu bildirib. O deyib ki, Gürcüstan dövləti strateji tərəfdaşımız, yaxın dostumuz olan Azərbaycan xalqının bu faciəsinə biganə qalmamalı, Xocalı soyqırımını tanımalı, parlament bununla bağlı xüsusi qətnamə qəbul etməlidir.
Sonra digər çıxış edənlər Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb, Azərbaycan və gürcü xalqlarının birliyindən söz açıblar.
Sonda Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı çəkdirdiyi sənədli film nümayiş etdirilib.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xocalı faciəsi 2019-02-21 20:04:00