×
A
A
A
Sazlamalar

Şagirdlər arasında Xocalı soyqırımına həsr olunan inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 21 fevral, Həsrət Mahmudova, AZƏRTAC

Fevralın 21-də Gəncliyə Yardım Fondunda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma” mövzusunda anım tədbiri keçirilib. Bakı Şəhər Gənclər və Baş İdarəsinin və Fondun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə paytaxtın orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, Xocalı soyqırımı ilə bağlı videoçarx nümayiş olunub.
Gəncliyə Yarım Fondunun prezidenti Ahmet Tecim bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı Xocalıya hücum edərək bütöv dinc əhaliyə qarşı soyqırımı törədib. Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, bütöv bir xalqın məhv edilməsinə, ümumilikdə isə insanlıq əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda hüquqi-siyasi qiymətini almalıdır.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sədri Raqif Abbasov qeyd edib ki, Xocalı şəhəri yerlə-yeksan edilib, dinc sakinlərə amansız divan tutulub. Bu kütləvi qırğın nəticəsində təkcə bir gecədə 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın amansızlıqla qətlə yetirildiyi, 1275 dinc sakinin əsir götürüldüyü, onlardan 150 nəfərin taleyinin hələ də məlum olmaması, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyi qeyd edilib.
Türkiyə səfirliyinin əməkdaşı Kamil Günəş, Milli Məclisin deputatları Fazil Mustafa, Sona Əliyeva, ehtiyatda olan polkovnik Hikmət Ağayev, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin Qadınlar Şurasının sədri Ayna Allahyarqızı və digərləri çıxış edərək mənfur ermənilərin iki əsr boyunca xalqımıza qarşı törətdikləri etnik təmizləmə və soyqırımı siyasətinin acı nəticələrindən danışıblar. Xocalı soyqırımının bəşəriyyət əleyhinə ən qanlı qətliamlardan olduğunu vurğulayan natiqlər bu qanlı cinayəti törədənlərin ifşası, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərdən danışıblar. Çıxışlarda bu məsələdə tarixçilər və tədqiqatçılarla yanaşı, gənclərin də üzərinə mühüm vəzifələrin düşdüyü qeyd olunub.
Sonra inşa-yazı müsabiqəsinin nəticələri açıqlanıb və qaliblər mükafatlandırılıb. Xətai rayon humanitar fənlər liseyinin şagirdi Ləman Mansurova birinci, Sabunçu rayon 198 saylı orta məktəbin şagirdi Fidan Rəcəbli ikinci, Yasamal rayon 20 saylı orta məktəbin şagirdi Firuzə Quliyeva isə üçüncü yerə layiq görülüblər.

Xocalı faciəsi 2019-02-21 19:29:00