×
A
A
A
Sazlamalar

Türkiyənin Aralıq şəhərində Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib

Ankara, 21 fevral, AZƏRTAC 

Türkiyənin İğdır vilayətinin Aralıq şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra baş konsul Nuru Quliyev, Aralıq şəhərinin icra başçısı Sercan Gökdəmir, 15 İyul Şəhid və Qazi Ailələri Dərnəyinin sədri Kanbər Güzəlkaya çıxış ediblər.
Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandallarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı aktı barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Xocalı soyqırımı XX əsrdə insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biridir. Çıxışlarda, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərdən bəhs olunub.
Azərbaycanın Qarsdakı baş konsulluğu ilə 15 İyul Şəhid və Qazi Ailələri Dərnəyi tərəfindən birgə təşkil olunan mərasimdə Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Adil Aşırım, Aralıq rayonu Jandarma Qarnizonu Komandanı polkovnik-leytenant Berk İştahlı, rayonun polis idarəsinin rəisi Yusif Erkan, Azərbaycan və Türkiyədən QHT və KİV təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Rəsmi hissənin ardından Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.
Daha sonra Xocalı soyqırımının tarixi ilə bağlı panel keçirilib. Xocalı soyqırımına və şəhidlərimizə həsr olunan şeirlər oxunub.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xocalı faciəsi 2019-02-21 19:33:00