×
A
A
A
Sazlamalar

Astara Rayon Polis Şöbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Astara, 21 fevral, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Polis Şöbəsində tariximizin qanlı səhifələrindən olan Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda çıxış edən Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov Xocalı soyqırımının erməni qəsbkarlarının azərbaycanlılara qarşı XIX-XX əsrlərdə həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirib.
Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə tarixdə Azərbaycan xalqına qarşı ən dəhşətli və qanlı faciə - Xocalı soyqırımı törədilib. Həmin gecə Xocalı şəhəri erməni faşistləri və onların havadarları tərəfindən yerlə-yeksan edilib.
Diqqətə çatdırılıb ki, Xocalı soyqırımı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir.
Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçərək bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq zirehli texnika vasitəsilə şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar.
Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb.
Xocalı soyqırımına ilk dəfə siyasi və hüquqi qiymətin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini vurğulayan A.Cahangirov Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisdə Xocalı Soyqırımı Günü haqqında qərarın qəbul edildiyini, böyük rəhbərin bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq təşkilatlara çatdırılması istiqamətində məqsədyönlü və davamlı addımlar atdığını, dünya ictimaiyyətini erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdığını diqqətə çatdırıb.
Anım tədbirində çıxış edən Astara Rayon Ziyalılar Cəmiyyətinin sədri Mircəfər Babazadə, Astara Rayon Veteranlar Təşkilatının sədri Rafiq Əliyev Xocalıda baş verən qırğınların Azərbaycan xalqının qan yaddaşına həkk olunduğunu və bu hadisənin heç vaxt unudulmayacağını bildiriblər.
Digər çıxış edənlər də Xocalı hadisələrinin beynəlxalq terror aktı olduğunu vurğulayaraq, bu hadisənin günahkarlarının layiqli cəzalarını alacaqlarına əminliklərini ifadə ediblər.

Xocalı faciəsi 2019-02-21 17:13:00