×
A
A
A
Sazlamalar

KXDR müstəqillik hərəkatının yubileyini Cənubi Koreya ilə birgə keçirmək istəmir

Bakı, 21 fevral, AZƏRTAC

KXDR Cənubi Koreyanın müstəqillik uğrunda hərəkatın yubileyini birgə qeyd etmək təklifini rədd edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmə Nazirliyinin nümayəndəsi fevralın 21-də Seulda keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, Pxenyan öz qərarını “xüsusi şərtlərlə” izah etməyə çalışsa da, hansı şərtlərdən söhbət getdiyini açıqlamayıb.
Bəzi ekspertlərin fikrincə, Pxenyanın bu günü Cənubi Koreya tərəfi ilə birlikdə qeyd etmək istəməməsi 1919-cu ildə Şanxayda formalaşdırılan Koreya mühacir hökumətinin rolunun hər iki ölkədə müxtəlif cür qiymətləndirilməsi ilə əlaqəli ola bilər.
Yubiley tarixinin birgə qeyd edilməsi barədə razılaşma 2018-ci ilin sentyabr ayında Koreya Respublikasının prezidenti Mun Ce-inin KXDR-ə səfərinin yekununda iki ölkə liderinin imzaladığı Pxenyan bəyannaməsində öz əksini tapıb.
Bir mart hərəkatının məqsədi Koreyanın Yaponiya işğalından azad olunması idi. 1919-cu il martın 1-də 33 koreyalı vətənpərvər Seulda müstəqillik bəyannaməsini oxumuş və bu, ölkədə kütləvi etirazların və itaətsizlik aksiyalarının əsasını qoymuşdu. Aksiyalarda 2 milyona yaxın koreyalı iştirak etmiş və 1500-dən çox nümayiş keçirilmişdi. Yaponiya kolonial hökumətinin əks tədbirləri nəticəsində təxminən 7 min etirazçı həlak olmuş, 50 minə yaxın insan isə həbs edilmişdi.
Buna baxmayaraq, nəticədə Yaponiya işğal olunmuş ərazilərdə silahlı idarə üsulundan əl çəkərək Koreya yarımadasında siyasətini yumşaltmağa məcbur olmuşdu.

Dünya 2019-02-21 16:45:00