×
A
A
A
Sazlamalar

Mehdi Abdullayev: İslahatlar idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, əhalinin rifahını daha da yaxşılaşdıracaq

Bakı, 21 fevral, AZƏRTAC

Son illər dünyada baş verən hadisələr bir daha təsdiqləyir ki, maliyyə və iqtisadi böhran, qarşıdurmalar, münaqişələr hələ də davam edir. Hətta uzun illərin demokratik təcrübəsinə malik olan dövlətlərdəki etiraz aksiyaları və bu aksiyaların qarşısının qeyri-sivil yollarla alınması prosesi ilə tez-tez rastlaşırıq. Xeyli vaxtdır ki, Fransada davam edən etiraz aksiyaları, polislə qarşıdurmalar artıq beynəlxalq ictimaiyyəti də narahat edir. Belə hallar insan hüquq və azadlıqlarının pozulmasının bariz nümunəsidir. Halbuki həmin ölkələr özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi göstərir, digər müstəqil dövlətlərə “demokratiya dərsi” keçir.
Təbii ki, Azərbaycan dünyanın bir parçası olduğundan baş verən hadisələr bizim ölkəmizdən də yan keçmir. Ancaq dövlətimizin başçısının düşünülmüş məntiqli siyasi kursu, aparılan islahatlar ölkəmizi gözlənilən bəlalardan xilas edir. Prezidentin yeni idarəçilik sisteminin tətbiqində israrlı olması Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu getdikcə artırır, mövqeyini daha da möhkəmləndirir. Yeni idarəçilik sistemi, aparılan struktur islahatları idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə xidmət edir .
AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının humanitar və sosial məsələlər üzrə prorektoru, hüquq üzrə elmlər doktoru Mehdi Abdullayevin “İslahatlar idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, əhalinin rifahını daha da yaxşılaşdıracaq” adlı məqaləsini təqdim edir.
Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlarda, xüsusilə yeni idarəçilik sisteminin tətbiqində əsas məqsəd Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkədə idarəetmənin çevikliyinin təmin edilməsidir. İdarəetmə sistemində aparılan islahatlar mövcud situasiyaya uyğun olaraq həyata keçirilir. Yeni idarəetmə məhdud resurslardan istifadə etməklə maksimum nəticəyə nail olmaq imkanlarını yaradacaq, paralel strukturların aradan qaldırılması və onların yenidən təşkili dövlət idarəçiliyinin daha da müasirləşdirilməsində böyük rol oynayacaq. Prezident İlham Əliyev xalqını düşünən əsl lider olaraq fəaliyyətini, Uilyam Çörçillin təbirincə desək, gələcək seçkilərə deyil, gələcək nəsillərə yönəldib, Azərbaycanın mənafeyinə uyğun populizm və demaqogiyadan uzaq real siyasət yürütməkdədir. Dövlət başçısının 2019-cu il yanvarın 14-də struktur islahatları istiqamətində mühüm qərarlar qəbul etməsinin prioritetini idarəetmədə modernləşmə, beynəlxalq aləmə inteqrasiya amilləri təşkil edir. Bu islahatlar dünyanın tanınmış ekspertləri tərəfindən də yüksək dəyərləndirilir. Qürur hissi ilə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar respublikamıza dünyada ən islahatçı ölkə imici qazandırıb.
Prezident də bildirib ki, struktur islahatları əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə müsbət təsirini göstərəcək. Əhalinin sosial baxımdan aztəminatlı təbəqəsi daim dövlətin diqqət mərkəzindədir. Sosial sahədə büdcə vəsaitlərinin ildən-ilə artırılması bu sahəyə Prezidentimizin qayğısını bir daha təsdiq edir. Aparılan islahatlar sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsin – DOST Agentliyinin yaradılması rəğbətlə qarşılanır. Bu agentliyin yaradılmasında əsas məqsəd əhalinin məşğulluğunun təmin olunması, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ yanaşmanın tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılmasıdır.
Ölkə başçısının islahatlar proqramına uyğun olaraq, eyni zamanda, dövlət sosial xidmətləri sisteminin mütərəqqi beynəlxalq təcrübələrə və innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq və bərabərlik prinsiplərinin təmin edilməsi istiqamətində ardıcıl işlər aparılır. Prezidentin müvafiq Sərəncamına əsasən, ölkəmizdə icrasına başlanılan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə diqqəti cəlb edir. Proqramın məqsədi aztəminatlı ailələrin dövlətin dəstəyi ilə fərdi təsərrüfatlara sahib olmalarına, onların gəlirlərini artırmaqla, dövlət sosial yardım proqramından asılılığının aradan qalxmasına, sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaratmaqdır. Artıq bu layihə uğurla icra olunur. Ölkə başçısının tapşırığına əsasən, aidiyyəti qurumlar tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsi istiqamətində ciddi addımlar atılıb. Bu istiqamətdə ilk işlərə Cəbrayıl və Füzuli rayonları, artıq həyat qaynayan Cocuq Mərcanlı kəndi üzrə başlanılması məcburi köçkünlərin, habelə cəbhəyanı ərazilərdə yaşayanların sosial müdafiəsinin daha da güclənməsinə ciddi stimul verib. Əsasən aztəminatlı ailələrin aktiv məşğulluq proqramlarına cəlb olunmasını nəzərdə tutan bu layihə hazırda 76 şəhər və rayonu əhatə edir. Yüzlərlə işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunub. Belə islahatlar ünvanlı sosial yardımın verilməsində, şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsində və digər sahələrdə özünü büruzə verir.
Yeri gəlmişkən, qeyd edək ki, bu il yanvarın 28-də Prezident İlham Əliyevin şəhid ailələrinin bütün vərəsələrinə, o cümlədən Daxili İşlər Nazirliyinin döyüşlərdə həlak olan əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmələrin verilməsini əhatə edən əlavə Fərman imzalaması bu istiqamətdə atdığı daha bir qətiyyətli addımdır. Dövlətimizin başçısı şəhid ailələri ilə görüşdə dedi ki, vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmalar aparılıb, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq, yeni Fərman imzalayıb və bu Fərmana əsasən 11 min manat alacaq vərəsələrin sayı artıb.
Düşünülmüş siyasi kurs ölkəmizi kosmik dövlətə çevirib və artıq bizim kosmosda üç peykimiz var. Əlbəttə, biz bununla qürur duyuruq. Azərbaycan kosmik kluba daxil olan nadir ölkələrdəndir. Bu, həm innovasiya, həm biznes, həm də müasirlikdir.
İnnovasiyalardan söhbət düşəndə, bu gün dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” mütləq qeyd edilməlidir. Hazırda ölkəmizdə on beş “ASAN xidmət” mərkəzi yaradılıb və onların sayının 20-yə çatdırılması nəzərdə tutulub. Bu mərkəzlərə milyonlarla insanın müraciət etməsi xidmətin yüksək səviyyədə olmasının nəticəsidir. “ASAN xidmət”də iki yüzdən çox tam şəffaf xidmət göstərilir. Dövlət başçısı həmişə bildirib ki, Azərbaycanda hər şey şəffaf və qanun çərçivəsində olmalıdır. Bu, bir daha onu göstərir ki, vətəndaşlara xidmət bizim siyasətimizin əsasını təşkil edir. Onların rifah halının yaxşılaşdırılması dövlət siyasətinin prioritetidir.
Azərbaycan Prezidenti Gənclər Günü ilə əlaqədar keçirdiyi toplantıda bir daha bəyan etdi ki, o, yeniliyin tərəfdarıdır, ictimai nəzarətə üstünlük verir, gənclərin tənqidlərini, irad və təkliflərini dinləyir, onların qaldırdıqları zəruri məsələlər dərhal öz həllini tapır. Yeri gəlmişkən, bloqqer Mehman Hüseynov ona qarşı açılmış yeni cinayət işi ilə bağlı dövlət başçısına müraciət etdi. Ölkə başçısı məsələyə dərhal münasibət bildirdi və tövsiyələrini verdi. Bundan sonra Mehman Hüseynova qarşı açılmış cinayət işinə xitam verildi.
Ölkə başçısının humanizm prinsiplərinə sadiqliyi, insanlara diqqət və qayğısı son vaxtlar keçirdiyi tədbir və görüşlərdə özünü bir daha aydın şəkildə büruzə verib. İstər şəhid ailələri ilə görüşdə, istərsə gənclərin təltif edilməsi mərasimində, istərsə də Şamaxıda baş vermiş zəlzələdə ziyan çəkən vətəndaşlarla görüşdə Prezidentin səmimi münasibəti, onların problemini öz şəxsi problemi kimi qəbul etməsi, özünün də qeyd etdiyi kimi, onun hər bir azərbaycanlının Prezidenti olduğunun əyani sübutudur.
Prezident İlham Əliyev bütün bunların xalqa xidmətin nümunəsi olduğunu bildirib və deyib: “Mən çalışıram ki, xalqa ləyaqətlə xidmət edim. 2003-cü ildə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən xalq üçün yaşayacağam”.

Daxili siyasət 2019-02-21 15:20:00