×
A
A
A
Sazlamalar

“Könüllülər Parlamenti”nin plenar iclası keçirilib

Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Milli Məclisdə “Könüllülər Parlamenti”nin plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, parlamentin sədri Kamran Əliyev iclası açaraq Milli Məclisin və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə 4 gün davam edən layihə çərçivəsində “Könüllülər Parlamenti”nin komitə iclaslarının keçirildiyini deyib. Bu iclaslarda müxtəlifyönümlü məsələləri əhatə edən bir sıra qanun layihələri hazırlanıb, onların müzakirəsi aparılıb, təkliflər irəli sürülüb.
Plenar iclasda gündəliyə daxil edilmiş qanun layihələrini komitə sədrləri Nicat Şükürlü, Könül Xələfzadə, Namiq Ağayev, Elvin Əhmədzadə, Vüsal İsgəndərov, Könül Sərkərnamazova, Müşfiq Bağırzadə təqdim ediblər.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən “Nağdsız hesablaşmalar haqqında” qanuna bir sıra dəyişikliklər təklif edilib. Müzakirələr zamanı dəyişikliklərə müsbət münasibət bildirilib və qanun layihəsi qəbul olunub.
Gənclər və idman komitəsinin hazırladığı “Xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi haqqında” qanun layihəsi ətrafında geniş fikir mübadiləsi aparılıb və qanun qəbul edilib.
Aqrar siyasət komitəsində hazırlanan “Aqrar islahatın əsasları haqqında” qanuna edilən dəyişikliklər də məqbul sayılıb və qəbul olunub.
Mədəniyyət komitəsinin hazırladığı “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanunda da bir sıra aktual məsələlər öz əksini tapıb. Könüllü deputatlar sənədi təsdiq ediblər.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin hazırladığı “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” qanuna dəyişikliklərin edilməsi barədə, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təqdim etdiyi “Təbii ehtiyatlar və enerji resurslarından istifadəsi haqqında”, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində hazırlanan “Kibertəhlükəsizlik haqqında” qanun layihələrinin isə daha da təkmilləşdirilməsi tövsiyə olunub.
“Könüllülər Parlamenti”nin sədri iclasa yekun vuraraq gənclərin təşəbbüsü ilə həyata keçirilən bu layihənin əhəmiyyəti barədə danışıb, tədbirin müvəffəqiyyətlə başa çatması münasibətilə iştirakçıları təbrik edib.

Daxili siyasət 2019-02-21 14:36:00