×
A
A
A
Sazlamalar

Efiopiya KİV-ləri Xocalı soyqırımı haqqında məlumatlandırılıb

Əddis-Əbəbə, 21 fevral, AZƏRTAC

Azərbaycanın Efiopiyadakı səfirliyində bu ölkənin aparıcı media nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Efiopiyanın Fana TV, DW, EBC, Afro FM, Nahoo TV və digər aparıcı KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Elman Abdullayev Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş soyqırımı aktının XX əsrin ən dəhşətli və faciəli hadisələrindən, eləcə də bəşəriyyət əleyhinə yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu deyib. O, Xocalı faciəsi zamanı həlak olmuş, yaralanmış, əsir və itkin düşmüş vətəndaşlarımızla bağlı statistik məlumatları diqqətə çatdıraraq, soyqırımına tarixi və hüquqi qiymət verilməsi ilə bağlı Azərbaycan Respublikası tərəfindən bir sıra beynəlxalq təşkilatlara müraciət edildiyini bildirib.
Səfir E.Abdullayev Xocalı soyqırımının dünyada tanıdılması üçün 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində geniş və əhatəli iş aparıldığını və nəticədə Xocalı faciəsinin bir sıra ölkələrin parlamentləri və ABŞ-ın 20-dək ştatı tərəfindən rəsmən tanındığını vurğulayıb.
Azərbaycan səfiri faşizmdən əziyyət çəkmiş xalqlara, o cümlədən Efiopiya xalqına hörmətsizlik əlaməti olaraq, Yerevanda erməni faşist generalı Qaregin Njdeyə abidə ucaldılmasının özlərini “məzlum və zərərçəkmiş” kimi qələmə verməyə çalışan ermənilərin, əslində işğalçı və təcavüzkar simasının göstəricisi olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycan Respublikasının ərazilərinin işğalını qətiyyətlə pisləyən və işğal olunmuş ərazilərdən erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin olduğunu qeyd edərək, ermənilərin ötən illər ərzində həmin sənədlərə məhəl qoymadığını və bundan başqa münaqişə ilə əlaqədar bir sıra nüfuzlu beynəlxalq təşkilatların qərarlarına saymazyana yanaşdıqlarını bildirib. E.Abdullayev Azərbaycanın sürətli iqtisadi inkişafının dövlət və ordu quruculuğunun möhkəmlənməsinə ciddi surətdə təkan verdiyini və ölkəmizin öz ərazi bütövlüyünü təmin etməyə hazır olduğunu qeyd edərək, Azərbaycanın qlobal inkişafa töhfə verən sülhsevər dövlət olduğunu və münaqişənin həlli üçün diplomatik vasitələrlə səy göstərdiyini qeyd edib. Səfir Ermənistanın işğalçı siyasəti nəticəsində bu ölkənin Azərbaycan tərəfindən regionda həyata keçirilən bütün beynəlxalq layihələrdən kənarda qaldığını və diasporun, eləcə də bəzi xarici dairələrin ianəsi hesabına yaşayan ağır iqtisadi duruma malik ölkə olduğunu da iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş və Xocalı soyqırımına həsr olunmuş videomateriallar nümayiş etdirilib. Təqdimat media nümayəndələrində böyük təəssürat yaradıb. Onların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi ilə bağlı çoxsaylı sualları cavablandırılıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə 

Xocalı faciəsi 2019-02-21 08:44:00