×
A
A
A
Sazlamalar

Elçin Mirzəbəyli: Dövlətimizin başçısının bu Fərmanından sonra mənzil sahibləri bir daha sənəd problemi ilə üzləşməyəcəklər

Bakı, 20 fevral, AZƏRTAC

Azərbaycan Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanı dövlətimizin başçısının vətəndaşları narahat edən bütün məsələləri diqqət mərkəzində saxladığının, ölkə həyatının bu və ya digər sahəsində mövcud olan problemlərin aradan qaldırılması istiqamətində çevik və təxirəsalınmaz tədbirlər həyata keçirdiyinin göstəricisidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
O qeyd edib ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi ilə bağlı Fərmanla müəyyən edilmiş qaydalar ciddi araşdırmaların və mövcud vəziyyətin ətraflı təhlili nəticəsində ortaya çıxan konseptual yanaşmanın nəticəsidir.
Onun sözlərinə görə, Fərmanda yer alan bütün müddəalar və problemlərin aradan qaldırılması üçün tətbiqi tələb olunan mexanizmlər, ilk növbədə, Azərbaycan vətəndaşının maraqlarının təmin olunmasına, hüquqlarının qorunmasına xidmət edir. Fərmanla tikinti şirkətlərinə müvafiq dövlət qurumu tərəfindən verilmiş rəyə əsasən mövcud çatışmazlıqları aradan qaldırmaq üçün 5 ay möhlət verilməsi nəzərdə tutulur ki, bu da, ilk növbədə, çoxmənzilli yaşayış binaları və komplekslərinin sakinlərinin daha təhlükəsiz, daha rahat mənzillərdə yaşaması, onların maraqlarının hərtərəfli təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, həm də tikinti şirkətlərinə bu və ya digər binanın inşası zamanı yol verdikləri xətaları aradan qaldırmağa imkan verir.
E.Mirzəbəyli əlavə edib ki, Fərmanda müvafiq dövlət qurumlarının qarşısında qoyulan bütün vəzifələrin icrası üçün konkret müddət nəzərdə tutulub. Bu, verilən tapşırıqların icrası, vətəndaşların rahat həyatının təmin edilməsi, problemlərinin tez bir zamanda həll edilməsi üçün nəzərə tutulan imperativ tələbdir.
Azərbaycan Prezidentinin bundan öncə imzaladığı bütün hüquqi-normativ aktlar kimi “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanın da fəlsəfi mahiyyətində Azərbaycan vətəndaşının maraqları, insan amili, humanizm prinsipləri dayanır.
Bu Fərmanın çoxmənzilli yaşayış binalarında mənzil əldə edən Azərbaycan vətəndaşlarının olduqca mühüm, bəlkə də həyati əhəmiyyət kəsb edən problemlərinin həllinə imkan yaratdığını bildirən ekspert deyib: “ İmzalanmış yeni Fərman bu sahədə mövcud olan çatışmazlıqlara nöqtə qoyur. Hər bir insan üçün öz evində rahat və problemsiz yaşamaq mühüm sosial-psixoloji əhəmiyyət daşıyır. Bu, olduqca həssas məsələdir. Ölkəmizdə güzəştli mənzil sisteminin tətbiqi, İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi qaydalarının müəyyənləşdirilməsi, ipoteka şərtlərinin asanlaşdırılması, əhalinin ən müxtəlif təbəqələrinin mənzillərlə təmin edilməsi istiqamətində həyata keçirilən çoxsaylı layihələr Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının həssaslıqla qəbul etdikləri bütün məsələlərə xüsusi diqqət və qayğısının göstəricisidir.

Daxili siyasət 2019-02-20 15:36:00