×
A
A
A
Sazlamalar

“ARB Günəş”in istehsalı olan “Xocalı” klipi təqdim edilib

Bakı, 20 fevral, AZƏRTAC

Fevralın 20-də Beynəlxalq Mətbuat Mərkəzində ölkənin ilk uşaq telekanalı “ARB Günəş”in istehsalı olan “Xocalı” klipinin təqdimatı olub. AZƏRTAC xəbər verir ki, klipin çəkilməsində məqsəd ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı əməllərini unutmamaq və Xocalı həqiqətləri haqqında ictimaiyyəti məlumatlandırmaqdır.
Klipin quruluşçu rejissoru Dəyanət Rzayev ekran işi ilə bağlı məlumat verib. Deyib ki, klip 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalıda uşaqların başına gətirilən müsibətlərdən, onların aldığı psixoloji və mənəvi zərbələrin ağırlığından bəhs edir. Həmin gecə 63 uşaq qətlə yetirilib, 76 uşaq yaralanıb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Klipin əsas süjet xətti müharibənin uşaqlara yaşatdığı acılar, savaşa onların gözü ilə baxmaq üzərində qurulub. Bildirib ki, çəkilişlər Quba rayonunun Qalaxudat kəndində aparılıb. Rolları məşhur çapar, “Sərhədçi” atçılıq idman klubunun üzvü doqquz yaşlı Gülay Fərzəliyeva, şair Zülfüqar Qalaxudatlı, bəstəkar Sevinc Tofiqqızı, Elmar Hacıyev, Mais Allahverdiyev, Azər Sultanov və digərləri canlandırıb. Klipin musiqi kompozisiyası tanınmış bəstəkar Sevinc Tofiqqızına məxsusdur.
Sonra klip təqdim olunub.
Klipin təqdimatından sonra Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək erməni millətçilərinin Xocalıda törətdikləri qanlı cinayətlərdən danışıb. Vurğulanıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş bu soyqırımı tariximizin ən qanlı səhifələrindən biridir. Həmin gecə düşmən keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayın köməyi ilə 613 nəfər günahsız insanı, o cümlədən qocaları, qadınları və uşaqları xüsusi amansızlıqla qətlə yetirib. Xocalı faciəsinin insanlığa qarşı ən ağır cinayətlərdən biri olduğunu deyən Ə.Amaşov bu hadisənin dünyanın bir sıra ölkələrində soyqırımı kimi tanındığını xatırladıb. Klipin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür edən Ə.Amaşov “ARB Günəş” televiziyasının bu istiqamətdə gördüyü işləri xüsusi vurğulayıb.
Bildirilib ki, “ARB Günəş” televiziyası Qarabağ, cəbhə uşaqları mövzularına həmişə diqqət və həssaslıqla yanaşıb. Telekanal mütəmadi olaraq cəbhəyanı ərazilərdə müharibə şəraitində yaşayan uşaqların həyatını əks etdirən videoçarxlar hazırlayıb.
Milli Məclisin deputatı Fazil Mustafa, tanınmış bəstəkar Sevinc Tofiqqızı və başqaları çıxış edərək Xocalı soyqırımının tarixi əhəmiyyətindən danışıb, kliplə bağlı təəssüratlarını bölüşüblər.
Qeyd edilib ki, Türkiyənin İstanbul şəhərində keçirilən ənənəvi Beynəlxalq Uşaq Mediası Konfransında ölkəmizi təmsil edən “ARB Günəş”in nümayəndə heyəti Xocalı həqiqətlərini, ermənilərin vəhşiliyi nəticəsində həlak olan, valideynlərini və ailə üzvlərini itirən azərbaycanlı uşaqların acı həyat hekayətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Xocalı faciəsi 2019-02-20 12:56:00