×
A
A
A
Sazlamalar

Hikmət Babaoğlu: Azərbaycanda müxalifətçilik milli maraqlarımıza zərbə vuran alət kimi çıxış edir

Bakı, 19 fevral, AZƏRTAC

Hər bir cəmiyyətin siyasi sistemi onun maraqlarını təmin etmək üçün funksional və institusional qurumlar yaratmaqla bunu milli məqsədlərə nail olmanın mexanizmi kimi müəyyənləşdirir. Beləliklə, dövlət dediyimiz sosial təsisat siyasi sistem tərəfindən idarə olunan xüsusi aparata çevrilir. Bu prosesə cəmiyyəti təşkil edən ən müxtəlif siyasi və ideoloji dünyagörüşünün daşıyıcılarının cəlb edilməsi də əslində cəmiyyətin hər bir üzvünü prosesin iştirakçısına çevirməklə onun potensialından milli maraqların həyata keçirilməsində istifadə etmək məqsədi daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. Deputat qeyd edib ki, hazırkı mürəkkəb tarixi mərhələdə milli dövlətlərin öz maraqlarını müdafiə etməsi çoxsaylı təhdidlərlə üzləşir və bu, hər gün bir az daha çətinləşir. Çünki tarixin amansız mübarizəsində hər xalq öz maraqlarını qorumalıdır və bu da gərgin rəqabət kontekstində baş tutur. Ona görə də qlobal aktorlar milli dövləti uzun və yorucu rəqabətdə taqətdən salmaq üçün onun öz daxili enerjisindən özünə qarşı istifadə edir. Məsələn, ölkədaxili müxalifəti iqtidara qarşı qoymaqla hakimiyyəti zəiflədir və bunu öz maraqlarını təmin etmək üçün bir alətə çevirir.
Deputatın sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət və aparılan islahatlar ölkəmizi daha da güclü etdiyi üçün bu, rəqiblərimizi ciddi şəkildə narahat edir. Son aylarda müxalifətin “fəallaşması” da məhz bu kontekstdə nəzərdən keçirilməli olan hadisədir. Əslində sağlam məntiq onu tələb edir ki, ölkənin inkişafı müxalifəti məmnun etsin, ancaq bizdə isə bunun tərsi baş verir. Əldə edilən uğurlar müxalif düşərgəni qıcıqlandırır. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov “Müxalifətçilik missiyası və Azərbaycanın maraqları” adlı məqaləsində məhz bu problemi analiz edərək ən son siyasi tariximizdə baş verən hadisələr kontekstində belə yanaşmanın səbəblərini çoxsaylı arqumentlərlə izah edir. Bəlli olur ki, Azərbaycanda müxalifətçilik bir çox hallarda milli məqsədlərə xidmət edən missiya deyil, tam əksinə, milli maraqlarımıza zərbə vuran alət kimi çıxış edir.
H.Babaoğlu əlavə edib ki, doğrudan da Əli Kərimli və onun kimi xüsusi missiya yerinə yetirən bir qrup marginalın fəaliyyəti xalqımızın maraqlarına hesablanmış siyasi fəaliyyətdən daha çox bizə qarşı olanların maraqlarının qorunması kimi qiymətləndirilə bilər. Diqqət etsək görəcəyik ki, bu müxalifətçilik uğurları qəbul etməyən, milli inkişafa qısqanclıqla yanaşan, xalqın yanında yox, əgər belə demək mümkündürsə, problemlərin yanında olan müxalifətçilikdir. Ona görə də bu, siyasi aktiv fərdlər tərəfindən dəstəklənməyən, sosial-siyasi elektoratı olmayan müxalifətçilikdir. Əgər belə olmasaydı bütün dünyanın təqdir etdiyi inkişafımızı və ölkəmizdə aparılan çoxşaxəli islahatları tənqid, yox təqdir edərdilər. Çünki milli maraqlarımız bunu tələb edir. Bu kimi məqamları Əli Həsənov olduqca doğru analiz edərək Azərbaycanda milli maraqlarımız baxımından Prezident İlham Əliyevin siyasətinə alternativ siyasətin olmadığı qənaətinə gəlir və bu məsələdə tamamilə haqlıdır.

Daxili siyasət 2019-02-19 18:51:00