×
A
A
A
Sazlamalar

Bəhruz Quliyev: Milli xəyanətkarlar toplumu bundan sonrakı cəhdlərində də fiaskoya uğramaqda davam edəcəklər

Bakı, 19 fevral, AZƏRTAC

Milli xəyanətkarlar toplumu bundan sonrakı cəhdlərində də ciddi fiaskoya uğramaqda davam edəcəklər. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun bu günlərdə yazdığı məqalə belə deməyə əsas verir ki, son vaxtlar müxalifətin tamamilə siyasətdən kənar və cəmiyyətə layiq olmayan davranışlarının qarşısı məhz xalq tərəfindən alınmalıdır. Daha dəqiq desək, xalq-dövlət birliyi dağıdıcı təfəkkürə malik müxalifətin uğursuzluğunu daha açıq şəkildə göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Səs” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib. O qeyd edib ki, bu gün istər AXCP, istər “Milli Şura” kimi qurumlarda toplaşan “demokratlar” dövlətin xalq üçün gördüyü işlərdən, inqilabi islahatlardan ciddi şəkildə narahat olmağa başlayıblar. Əbəs deyil ki, istər buradakı siyasətbazlar, istərsə də onların xarici ölkələrdəki havadarları bu cür “fəallaşmaqla” Azərbaycan dövlətinin milli maraqlarına qarşı açıq-aşkar düşmənçilik mövqeyi sərgiləyirlər. Xalqın hakimiyyəti dəstəkləməsi, xalq-iqtidar birliyi radikal və dağıdıcı təfəkkürlü müxalifətin öz məğlubiyyətini etiraf etməsi ilə nəticələnir. Yəni, əldə edilən uğurlara qarşı müxtəlif cəhdlər olursa, bunun özü məğlubiyyət etirafı kimi qiymətləndirilməlidir.
B.Quliyev qeyd edib ki, istər Əli Kərimli, Cəmil Həsənli, istərsə də digər milli xəyanətkarlar toplumu xalq, dövlət vəhdəti qarşısında öz cılız siyasətlərini yürüdə bilməyəcəklər. Güclü dövlət, güclü xalq amili məhz bu cür düşünməyə zəmin yaradır. Bu, həm də bir reallıqdır ki, dövlətimizin əldə etdiyi nailiyyətlər, istər beynəlxalq arenada, istərsə də daxili siyasətdəki uğurlu nəticələr radikalizmin, milli xəyanətin və bu xəyanətdə iştirak edən bir qrup ünsürün qarşısını kəsməkdədir. Xalqımız dövlətinin və Prezidentinin yanında olmaqla xəyanətkarların, antidövlətçilərin fəallaşmasına imkan vermir. Xalqımız öz müdrikliyi ilə bundan sonra da dövlətimizin, Prezidentimizin ətrafında sıx birləşəcək. Buna heç bir şübhə yoxdur.

Daxili siyasət 2019-02-19 18:16:00