×
A
A
A
Sazlamalar

Xocalı soyqırımının ukraynalı pilot şahidi: Hamımız bu dəhşətli faciədən sarsılmışdıq

Lvov, 19 fevral, AZƏRTAC

Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti başlayandan sonra dinc əhalinin hərbi münaqişə zonasından çıxarılması üçün Qarabağa intensiv uçuşlar edirdim. 1992-ci il fevralın 27-də idarə etdiyim helikopter Xocalı üzərində uçarkən dəhşətli mənzərənin şahidi olduq. Dağın döşündə şəhərin dinc sakinlərinin cəsədləri vardı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ukraynanın Lvov şəhərində “Xocalı soyqırımının hüquqi aspektləri” mövzusunda keçirilən seminarda çıxışı zamanı Xocalı faciəsinin canlı şahidlərindən biri – ukraynalı helikopter pilotu Leonid Kravets söyləyib.
Pilotun sözlərinə görə, onlar Gəncəyə qayıdaraq yerli hakimiyyət orqanlarını bu haqda məlumatlandırıblar: “Sonradan həmin yerə jurnalist Çingiz Mustafayev və onun köməkçilərini çatdırdım. Hamımız bu dəhşətli faciədən sarsılmışdıq. O qədər çox cəsəd var idi ki, hadisənin miqyasını tam əks etdirmək üçün çəkilişi yuxarıdan aparmaq lazım idi”.
Ukraynalı pilot bildirib ki, Xocalı hadisəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətdir.
Qeyd edək ki, seminar Azərbaycanın Ukraynadakı səfirliyi, “Lvov Politexnik” Milli Universiteti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin gənclər departamentinin və UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Lvov

Xocalı faciəsi 2019-02-19 18:06:00