×
A
A
A
Sazlamalar

Milli Məclisin plenar iclasında 27 məsələyə baxılıb

Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 19-da Milli Məclisin növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. Bildirib ki, iclasın gündəliyinə 27 məsələ daxildir.
Gündəliyin təsdiqindən sonra parlamentin gənclər və idman komitəsinin tərkibində dəyişikliklər edilməsi haqqında qərar müzakirə olunub. Dəyişikliyə əsasən Rəşad Mahmudov, Elşən Musayev və Cavid Osmanov komitənin üzvləri seçiliblər. Adil Əliyev və Rauf Əliyev komitənin üzvlüyündən çıxarılıb.
Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov üçüncü oxunuşda müzakirəyə çıxarılan “Kitabxana işi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib. Qeyd olunub ki, təklif olunan dəyişiklik kitabxanaların elektron sistemə keçirilməsi məqsədilə hazırlanıb.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Əmək və Cəzaların İcrası məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələrini üçüncü oxunuşda təqdim edib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Dövlət rüsumu haqqında” Qanunda edilən dəyişiklikləri üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, dəyişikliklər Azərbaycan Əqli Mülkiyyət Agentliyi tərəfindən göstərilən, “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulan xidmətlərin və hüquqi hərəkətlərin, eləcə də bu hüquqi hərəkətlərə görə dövlət rüsumlarının məbləğinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Komitə sədri “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Patent haqqında” qanunlarda nəzərdə tutulan dəyişikliklərin də eyni məqsədlə edildiyini diqqətə çatdırıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında”, “Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihələrini üçüncü oxunuşda təqdim edib.
Sonra Əli Hüseynli “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib.
“Əmanətlərin tam sığortalanması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən komitə sədri Ziyad Səmədzadə deyib ki, qanun layihəsi adıçəkilən qanunun qüvvəsinin (əmanətlərin tam sığortalanmasının) daha bir il müddətinə uzadılmasını nəzərdə tutur. Qanun 2016-cı il martın 4-dən qüvvədədir və onun qüvvədəolma müddəti 2019-cu il martın 4-də bitirdi. Qanunun qüvvəsinin daha bir il uzadılması bank sektorunun dəstəklənməsinə, bu sahədə dövlətin üzərinə ciddi öhdəliklər götürməsinə, nəticədə isə əhalinin banklara depozit qoymasının stimullaşdırılmasına xidmət edəcək.
Komitə sədri Hadi Rəcəbli “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb.
Sonra İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub.
Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Üzümçülük və şərabçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Daha sonra “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanununun layihəsi müzakirə edilib.
Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirib ki, dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.
Komitə sədri Əli Hüseynli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda müzakirəyə çıxarıb. Qeyd edilib ki, dəyişikliklər vəkillik fəaliyyətinin təkmilləşdirilməsi məqsədini daşıyır. Əli Hüseynli, həmçinin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda təqdim edib.
İclasda “Reklam haqqında” Qanuna ikinci oxunuşda dəyişikliklər edilməsi barədə qanun layihəsi də müzakirə olunub. Qeyd olunub ki, təklif edilən dəyişikliklər reklam qurğularının tikintisinə, quraşdırılmasına və konstruktiv dəyişikliklərin edilməsinə icazənin verilməsi prosedurunun sadələşdirilməsi qaydalarını müəyyən edir.
Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev “Gənclər siyasəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib.
“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təqdim olunub.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təqdim edən Əli Hüseynli bildirib ki, dəyişikliklər “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli Qanununun icrası ilə əlaqədar təklif edilir.
İclasda Mülki Prosessual Məcəlləsində və “İpoteka haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də birinci oxunuşda müzakirə edilib.
Komitə sədri Ziyad Səmədzadə “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxarıb. Bildirib ki, qanun layihəsi dəqiqləşdirmə xarakterli düzəlişləri nəzərdə tutur.
Həmçinin Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri birinci oxunuşda müzakirə olunub.
Ziyad Səmədzadə “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edərək deyib ki, qanun layihəsi telekommunikasiya operatoru (mülkiyyətində olan telekommunikasiya şəbəkəsi vasitəsilə qanuni əsaslarla telekommunikasiya xidmətləri göstərən hüquqi və fiziki şəxs) üçün yeni vəzifələrin müəyyən edilməsini nəzərdə tutur.
Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Ümumi təhsil haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirib ki, sənəd 5 fəsil, 33 maddədən ibarətdir. Bu sənəd Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, ölkəmizdə ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Qanun layihələri müzakirə olunaraq qəbul edilib.
Bununla da Milli Məclis işini başa çatdırıb.

Daxili siyasət 2019-02-19 12:02:00