×
A
A
A
Sazlamalar

Sevinc Fətəliyeva: Məişət zəminində baş vermiş adi kriminal hadisədən sui-istifadə etmək cəhdləri heç bir nəticə verməyəcək

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 15-də Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insident məişət zəminində yaşanmış adi kriminal hadisədir. Tarixən Azərbaycan və çeçen xalqları arasında dostluq və qardaşlıq əlaqələri mövcud olub və bu gün də xalqlarımız arasındakı münasibətlər müsbət xarakteri ilə səciyyələnir.
Bu fikirləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva AZƏRTAC-a açıqlamasında deyib.
Deputat deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il noyabrın 27-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də bu məsələlər diqqət mərkəzində olub. Dövlətimizin başçısı qeyd edib ki, bizim Çeçenistan Respublikası və Şimali Qafqazın digər respublikaları ilə münasibətlərimiz Azərbaycanla Rusiya arasında münasibətlərin mühüm amilidir.
Azərbaycan ilə Rusiyanı, hər şeydən əvvəl, ümumi tarixi keçmiş birləşdirir, iki ölkə bir neçə onillik ərzində eyni ittifaqın tərkibində mövcud olublar. Bu gün iki qonşu ölkə müstəqil dövlətlər kimi uğurla inkişaf edərək aralarındakı strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirirlər. Ölkələrimizi möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. Azərbaycan ilə Rusiya arasında uğurla inkişaf edən əməkdaşlıq əlaqələri, eyni zamanda, ölkəmizin Şimali Qafqaz respublikaları, eləcə də Çeçenistanla əməkdaşlığının möhkəmlənməsində mühüm rol oynayır. Bu gün, qeyd etdiyimiz kimi, Azərbaycan və çeçen xalqları arasında əlaqələr dostluq və qardaşlıq prinsipinə söykənir. O səbəbdən Rusiyanın paytaxtında məişət zəminində baş vermiş adi kriminal hadisədən sui-istifadə etmək cəhdləri həm yolverilməzdir, həm də heç bir nəticə verməyəcək. Bu cür cəhdlərlə xalqlarımız arasında düşmənçilik yaratmağa çalışmaq səyləri iflasa məhkumdur.

Siyasət 2019-02-17 00:36:00