×
A
A
A
Sazlamalar

Nəsimi və Suraxanı rayonlarında avtomobil oğurlayan şəxslər saxlanılıb

Bakı, 16 fevral, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə fevralın 14-də saat 17 radələrində Ə.Quliyev küçəsindəki avtomobillərin yuyulması məntəqələrinin birindən Abşeron rayon sakini Z.Gülməmmədovun “Hyundai” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şükürov Suraxanı rayonunun Hövsan qəsəbəsində xidmət aparan post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən müəyyənləşdirilib. O, həmin nəqliyyat vasitəsi ilə birgə saxlanılıb və 22-ci Polis Şöbəsinə təhvil verilib.
Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə fevralın 13-nə keçən gecə Yeni Günəşli qəsəbəsindən sakin T.Məmmədovun “VAZ-21099” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Balaxanı qəsəbə sakini O.Asəfov avtomobillə birgə saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.

Hadisə 2019-02-16 19:30:00