×
A
A
A
Sazlamalar

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib

Bakı, 16 fevral, AZƏRTAC

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində ifşa ediliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı həmin cinayəti törətməkdə təqsirli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ceyhun Seyidbəyov saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 10,145 qram tiryək aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni “Seyid” adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirib.
Narkotik maddənin mənbəyinin aşkarlanması istiqamətində şöbənin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində “Seyid” adlı şəxs qısa zamanda müəyyən edilib. Narkotik maddələrin satışı ilə məşğul olan, əvvəllər məhkum edilmiş Masallı rayon sakini Mirağa Salayev həyata keçirilən əməliyyat nəticəsində tutularaq istintaqa təqdim edilib. Onun üzərində ümumi çəkisi 1 kiloqram 50 qram olan heroin aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onların barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hadisə 2019-02-16 18:26:00