×
A
A
A
Sazlamalar

BMT: Əlillər və yaşlılar təbii fəlakətlərdən daha çox zərər çəkirlər

Bakı, 16 fevral, AZƏRTAC

Hər il 350 milyon insan zəlzələ, daşqın, sunami, qasırğa və digər təbii fəlakətlərdən müxtəlif dərəcədə əziyyət çəkirlər. Təbii fəlakətlərin əsas qurbanları əlil və yaşlı insanlardır. Fəlakət zonasından operativ şəkildə təxliyə üçün onların əksəriyyətinin nə qüvvəsi, nə vəsaiti, nə də imkanları var.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu, BMT-nin Sosial İnkişaf Komissiyasının bu həftə keçirilən 57-ci sessiyasında müzakirə olunan məsələlərdən biridir. Ekspertlər qeyd ediblər ki, təbii fəlakətlərin nəticələri hamı üçün eyni deyil. Məsələn, belə hadisələr zamanı əlillər digərlərindən iki-üç dəfə çox yaralanır və ya həlak olurlar. Bu gün isə dünyada məhdud imkanlara malik təxminən 1 milyard insan yaşayır.
AARP özəl fondunun prezidenti Liza Marş Rayerson iclas iştirakçılarına müraciət edərək, 2005-ci ildə ABŞ-ın cənub ştatlarını dağıdan “Katrina” qasırğasının nəticələrini xatırladıb. O vaxt təbii fəlakət Yeni Orleanda genişmiqyaslı dağıntılara və 1800 insanın həyatdan köçməsinə səbəb olmuşdu. Liza Rayerson ölən insanların dörddə üçünün 60 yaşdan yuxarı olduğunu qeyd edib.
Hökumət, qeyri-hökumət təşkilatları və özəl sektorun təmsilçiləri hesab edirlər ki, təbii fəlakət hallarında təxliyə və ilk yardım üzrə rəsmi planlarda əlil və yaşlı insanların xüsusi tələbatları nəzərə alınmalıdır. Bu iclasın moderatoru qismində Dünya Bankının müşaviri Şarlotta Makleyn-Nhlapo çıxış edib.
Sosial İnkişaf Komissiyası İqtisadi və Sosial Şuranın orqanıdır. Komissiya BMT-nin rotasiya əsasında seçilən 46 üzv-dövlətindən ibarətdir. Komissiya sosial siyasət və onun prioritetlərinin ümumi sisteminin işlənib hazırlanması ilə məşğul olur. Fevralın 21-dək davam edəcək sessiyada komissiya üzvləri gənclərin, əlillərin, yaşlı insanların problemlərini və bütövlükdə, dünyadakı sosial inkişafı müzakirə edəcəklər.

Sosial 2019-02-16 12:34:00