×
A
A
A
Sazlamalar

Gömrük nəzarətinə bəyan edilməyən qızıl-zinət əşyaları aşkarlanıb

Bakı, 16 fevral, AZƏRTAC

Gömrük nəzarətinə bəyan edilməyən qızıl-zinət əşyaları aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan vətəndaşının qeyri-qanuni yolla ölkə ərazisinə qızıl məmulatları gətirməsi barədə məlumat daxil olub. Gömrük nəzarətindən keçərkən şifahi sorğu-sual edilən həmin vətəndaşlar üzərlərində gömrük nəzarətinə bəyan ediləsi və gizlədilən heç bir əşyanın olmadığını bildiriblər. Şəxsi yoxlama keçirilməzdən əvvəl xanım sərnişinlərə gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan qızıl-zinət əşyalarının təqdim olunması təklif edilib. Bundan sonra xanım sərnişinlərdən biri üzərində olan 2 ədəd qızıl qolbağını, bir ədəd qızıl üzük-sırğa dəstini, digər xanım sərnişin isə qulaqlarındakı bir cüt qızıl sırğanı, barmağındakı bir ədəd qızıl üzüyü, sağ qolundakı 2 ədəd qızıl qolbağını, sol qolundakı bir ədəd qızıl qolbağını, boynundakı bir ədəd qızıl kulonlu boyunbağını çıxarıb təqdim ediblər və hamısını Türkiyədən təzə aldıqlarını bildiriblər.
Sonra onların hər ikisinin üzərində şəxsi yoxlama aparılıb. Nəticədə bir sərnişinin ayağındakı corabların içərisində gömrük nəzarətindən gizlətdiyi bir cüt qızıl sırğa, bir ədəd qızıl üzük-sırğa dəsti, başındakı saç sancağının içində 3 cüt qızıl sırğa, 3 ədəd qızıl üzük, 2 ədəd qızıl üzük-sırğa-kulon dəsti, bir ədəd qızıl üzük-sırğa dəsti, bir ədəd qızıl sırğa-boyunbağı dəsti, digər sərnişinin əl çantasında isə bir ədəd qızıl sırğa-üzük dəsti və bir ədəd qızıl kulon aşkarlanıb. Aşkar olunan zərgərlik məmulatlarının ümumi çəkisinin 272 qram olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2019-02-16 11:22:00