×
A
A
A
Sazlamalar

Özünü yeni prizmadan tanımaq üçün əla fürsət VİDEO

Bakı, 16, fevral, AZƏRTAC

Bu il Bakıda 10 məşhur lektor və bestseller müəllifi özünüinkişafla bağlı ödənişsiz təlimlər keçəcək.
2019-cu ilin mart ayından dekabr ayına kimi “YARAT” Müasir İncəsənət məkanı özünüinkişafla bağlı ödənişsiz əlavə təhsil imkanları üçün “İnsan: özünü dərk et” proqramını təşkil edir.
Bu proqram şirkət rəhbərləri, habelə tələbə və müəllimlər, yaradıcı şəxslər, yaşından və təhsilindən asılı olmayaraq, hamıya çağdaş insan üçün vacib bacarıqlara yiyələnmək üçün praktik biliklər verməyə kömək edə bilər.
“YARAT” Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudovanın sözlərinə görə, “Nəzərdə tutulan təlim və mühazirələrin əsas mahiyyəti şüurdur. Məlumdur ki, bu bacarığın inkişafı nəticəsində insan Özü özünə qoyduğu məhdudiyyətlərdən azad olub özünü inkişaf etdirərək həyatını kökündən dəyişə bilər. Əminəm ki, şüurun inkişafı istiqamətində atılmış hər hansı bir addım bizə daha yaxşı insani keyfiyyətlər qazanmağa və ətraf mühitlə harmoniyada olmağa yardım edəcək”.
Proqramın mövzusu çoxşaxəli özünüinkişafla bağlı 4 əsas kateqoriyanı ehtiva edir:
1. Mən indi və burda: zehni bacarıqlar
2. Mənim gələcəkdə olmaq istədiyim obraz və bu istiqamətdə etdiyim cəhdlər: planlamaq və arzulara çatmaq bacarıqları
3. Əmin-amanlıq və xoşbəxtlik: bunlara elmi baxış.
4. Ətrafla qarşılıqlı münasibət: empati, minnətdarlıq və bağışlama bacarıqları
“Çağdaş dünyamız o qədər sürətlə dəyişir və inkişaf edir ki, insanın psixi və daxili tarazlığını qoruyub saxlamaq bacarıqlarını inkişaf etdirmək günbəgün aktuallaşır. Bu bacarıqları inkişaf etdirmək üçün heç də hamı əlavə təhsil almaq imkanına malik deyil. Odur ki, bu proqram boşluğu doldurmağa effektiv kömək edir”, - deyə proqramın direktoru Arstarulsmirus qeyd edir.
Proqrama dünyanın müxtəlif ölkələrindən fərdi inkişaf sahəsində qabaqcıl mütəxəssis və bestseller müəllifləri dəvət olunublar. Mart ayından etibarən il boyu proqramda ABŞ, Almaniya, Rusiya, Belarus, İsveç və İrlandiyadan olan 10 müəllim və alim iştirak edəcək. Onların hər biri aşağıdakı sahələrin və bacarıqların inkişafı üçün tədris kursunu təqdim edəcəklər:
Diqqətin yönləndirilməsi
Emosional özünütənzimləmə
Özünüidarə qabiliyyəti
Stress müqavimətliliyi
Effektiv istirahət
Pozitiv psixologiya
Məşğələlərdə insanın daxili dünyasının xüsusiyyətləri, onun vərdişləri və meyilləri, beynin neyroplastikliyi və psixoemosional vəziyyətlərin idarə olunma metodlarına baxılacaq.
Təlimçilərin gəlmə imkanlarını nəzərə alaraq proqram ardıcıl olaraq davamlı keçirilməyəcək, təlimləri tək-tək seçərək iştirak edə bilərsiniz.
Təlim proqramına əsasən məşğələlər bu formatda keçiriləcək:
Giriş dərsləri – ümumi, tanışlıq məlumatı (2 saat)
Təlimlər – daha yüksək səviyyə, vərdişlərin transformasiyası (6 saatdan 3 günə qədər)
Proqramı məşhur Amerika professoru və müəllimi Barbara Oukli açacaq və ilk tədbiri o aparacaq. O, özünün məşhur “Öyrənməyi necə öyrənməliyik” kursunu keçəcək. Siz bu təlimlə qarşınıza qoyduğunuz hədəfə necə yönəlməyi, yaddaşınızı inkişaf etdirərək yeni və çətin materialları asanlıqla yadda saxlamağı öyrənəcəksiniz. Təlim sizin öyrənmək prosesinə baxışınızı tamamilə dəyişə bilər.
Layihənin giriş mühazirəsi martın 7-də, təlimlər isə martın 8-də və 9-da başlayacaq.
Mühazirələr və təlimlər üçün qeydiyyatdan layihənin www.insan.de saytından keçə bilərsiniz.
Ətraflı məlumat üçün 050 289 3132 telefon nömrəsi və ya [email protected] elektron poçt vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Mədəniyyət 2019-02-16 10:59:00

Video