×
A
A
A
Sazlamalar

ABŞ-dakı aktiv neft qazma qurğularının sayı artıb

Bakı, 16 fevral, AZƏRTAC

Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı çoxalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 2 ədəd artaraq 1051 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 76 ədəd çoxdur.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 3 ədəd çoxalaraq 857 olub. Bu göstərici ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə neft qazma qurğularının sayı 59 ədəd artıqdır.
Ölkədəki aktiv qaz qazma qurğularının sayı isə 1 ədəd azalaraq 194 olub. Ötən ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 17 ədəd çoxalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.

Dünya 2019-02-16 10:48:00