×
A
A
A
Sazlamalar

Yoşihide Suqa Cənubi Koreyanı danışıqlara çağırıb

Tokio, 16 fevral, AZƏRTAC 

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa müharibə vaxtı icbari əməyin kompensasiyası ilə əlaqədar Cənubi Koreya vətəndaşlarının qaldırdığı iddiadan narahatlığını bildirib.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, həmin şəxslər kompensasiya əvəzində yapon şirkətlərinin əmlakının müsadirə edilməsini tələb edirlər.
Bununla bağlı narahatlığını ifadə edən Y.Suqa bildirib ki, Cənubi Koreya hökumətinin yaranmış vəziyyəti düzəltmək üçün konkret addımlar atmaması böyük təəssüf hissi doğurur. Bu, eyni zamanda, müharibə dövrü ilə əlaqədar iddialar barədə ikitərəfli razılaşmanı pozur və həmin şəxslərə daha da qabağa gedərək, əmlakın müsadirəsi məsələsini qaldırmağa şərait yaradır.
Yaponiya hökuməti bəyan edib ki, müharibə dövrü ilə bağlı iddialar iki ölkə arasında münasibətlərin tənzimlənməsi barədə 1965-ci ildə imzalanan razılaşmada tam və yekun şəkildə öz əksini tapıb.
Y.Suqa bəyan edib ki, hökumət bu məsələni lazımi qaydada, öz dəyişməz mövqeyinə uyğun şəkildə həll etməyə və bu məsələdə əlaqəli şirkətlərlə birlikdə onların iqtisadi fəaliyyətini qorumağa çalışacaq.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-02-16 08:49:00