×
A
A
A
Sazlamalar

İsveç Üzgüçülük Federasiyasının sədri islamofob və ksenofob çıxışlarına görə istefaya göndərilib

Stokholm, 15 fevral, AZƏRTAC

İsveç Yüngül Atletika Federasiyası ölkənin Üzgüçülük Federasiyasının sədri Ulla Qustavssonun hicab əleyhinə islamofob və ksenofob çıxışlarına görə onu istefaya göndərib.
AZƏRTAC İsveçin SVT milli teleşirkətinə istinadla xəbər verir ki, İsveç Üzgüçülük Federasiyasının sədri Ulla Qustavsson ayrı-seçkilik xarakterli fikirlər söylədiyinə görə İsveç Yüngül Atletika Federasiyası onun vəzifədən kənarlaşdırılmasını qərara alıb. Federasiyada vurğulayıblar ki, bu qurum öz tərəfindən idmançılara münasibətdə ayrı-seçkiliyə yol vermir.
Ulla Qustavsson İsveç Milli İdman Assosiasiyasının əlində pnevmatik tapança tutmuş hicablı gənc müsəlman qadının Üzgüçülük Federasiyasının saytında yerləşdirilmiş fotoşəklindən reklam məqsədilə istifadə etmək qərarını şərh edərkən kobud ifadələr işlədib və bundan sonra qalmaqal başlanıb. Qustavsson “Aftonbladet” qəzetinə müsahibəsində hicabı “uşaqlara təzyiq vasitəsi və seksuallıq əlaməti” adlandırıb. “Uşaqlar arasında nikahlar, namus üstündə qətllər – bunlar bizim dəyərlərə uyğundurmu? Əgər immiqrantlar idmanla məşğul olmaq istəyirlərsə bunu hicabsız edə bilərlər”, - deyən Qustavsson daha sonra bildirib ki, pnevmatik tapança və hicab da düzgün olmayan sinqallar göndərir.
Üzgüçülük Federasiyasının vitse-prezidenti Stefan Perrson isə öz növbəsində, Ulla Qustavssonun qeydlərini tənqid edərək deyib ki, federasiya bütün uşaqlara eyni şərtlərlə xidmət edir.

Rauf Əliyev
AZƏRTAC –ın xüsusi müxbiri
Stokholm

Dünya 2019-02-15 19:27:00