×
A
A
A
Sazlamalar

Avropanın ən şimal nöqtəsinin yaxınlığında mis mədəni tikiləcək

Stokholm, 15 fevral, AZƏRTAC

Norveçdə, Avropanın ən şimal nöqtəsinin yaxınlığında mis mədəni tikilməsi məsələsi ilə əlaqədar, yerli saam xalqı və balıqçılarla hökumət arasında illər boyu davam edən qarşıdurmaya baxmayaraq, həmin mədənin tikilməsi layihəsi bəyənilib.
AZƏRTAC xəbər verir ki, mis mədənini Kvalsunn kommunasında yerləşən Repparfyord kəndində tikmək planlaşdırılır. Taxtadan tikilmiş evlərdən ibarət bu kəndin əhalisinin sayı təqribən 1000 nəfərdir.
Krallığın ticarət və sənaye naziri Torbyern Roye İsaksenin bununla əlaqədar verdiyi bəyanata görə, “hasilat layihəsi şimalda sənaye bazasını möhkəmlədəcək”.
Norveçdə ən iri mis yataqlarından birinin yerləşdiyi bu ərazidə təqribən 72 milyon ton mis filizi ehtiyatı var.
Gözlənildiyinə görə, tikintinin operatoru olan şirkət layihəyə 115,8 milyon dollardan sərmayə qoyaraq yerli bələdiyyənin xəzinəsini zənginləşdirəcək. Bundan əlavə, həmin layihə sayəsində təqribən 450 yeni iş yeri yaradılacaq, yerli sakinlərin həyat tərzinə müdaxilə isə minimum səviyyədə olacaq.
Bununla belə, yerli fəallar və maralsaxlayanlar narahatdırlar. Onların fikrincə, burada aparılacaq torpaq işləri maralların yay otlaq sahələrinə ziyan vuracaq, treska balıqlarının kürütökmə yerləri məhv olacaq.
Zəngin mis yataqlarına malik olan bu rayon həm də maralların yay otlaq yeri kimi məşhurdur. Lakin layihənin operatoru Nussir ASA şirkətinin sözlərinə görə, baharda şimal marallarının miqrasiyası dövründə faydalı qazıntı hasilatına fasilə veriləcək.
Dünya Maralçılar Assosiasiyasının baş katibi Anders Oskal isə bu fikirdədir ki, mis mədəni maralçılığa mənfi təsir göstərəcək. O deyib: “Şaxtanın infrastrukturu marallar, xüsusən dişi marallar və onların miqrasiya marşrutları üçün təhlükəlidir, çünki onlar adət etdikləri otlaqlara yaxınlaşa bilməyəcəklər”.
Nussir ASA şirkətinin baş direktoru bildirir ki, ətraf mühitin qeydinə qalmaq məsələsi onun şirkətini də narahat edir. “Qlobal istiləşmə üzündən dünyada elektrikləşdirmə zərurəti getdikcə kəskinləşir, bunun üçün mis lazımdır. Bu, faktdır”, - deyən baş direktor qeyd edib ki, misin ətraf mühitə təsiri qazıntı şəklində yanacaqla müqayisədə əhəmiyyətsizdir.
Qeyd edək ki, Arktikada istiləşmə alimlər arasında narahatlıq doğurur. 4 milyona yaxın insan yaşayan Arktikada orta temperatur sənayeləşmə dövrü ilə müqayisədə 2 dərəcədən çox yüksəlib. Hökumətlərarası Arktika Şurasının tədqiqatına görə, burada istiləşmə dünya üzrə orta göstəricidən 2 dəfə sürətlə baş verir.
Tənqidçilər deyirlər ki, Norveç hökumətinin burada mis hasilatına icazə verilməsi barədə qərarı regionda faydalı qazıntı hasilatını stimullaşdıracaq.


Rauf Əliyev
AZƏRTAC–ın xüsusi müxbiri
Stokholm

Dünya 2019-02-15 18:11:00