×
A
A
A
Sazlamalar

Əli Məsimli: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq və qitəyə daha güclü inteqrasiya edəcək

Riqa, 15 fevral, AZƏRTAC

Milli Məclisin deputatı Əli Məsimli və Parlamentin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Rüstəm Mahmudov Baltik Assambleyasının iqtisadiyyat, energetika və innovasiya, təbii ehtiyatlar və ətraf mühit məsələləri üzrə komitələrinin birgə iclasında iştirak etmək üçün Latviyanın paytaxtı Riqada səfərdədir.
Ə.Məsimli AZƏRTAC-a müsahibəsində bildirib ki, iclasda Baltik Assambleyası ilə yanaşı, şimali Avropa və Beniluks ölkələrinin nümayəndələri də iştirak edir.
Deputat qeyd edib ki, Avropanın əksər ölkələrinin əsas problemi olan enerji təhlükəsizliyi məsələsi Azərbaycanın da marağındadır: “İclas çərçivəsində bu məqamdan istifadə edərək ölkəmizin həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində gördüyü işlər barədə məlumat verdik. Mənim çıxışım məhz Azərbaycanın təbii qaz strategiyası, ölkəmizin Avropa bazarına çıxış imkanları, Cənub Qaz Dəhlizi ilə bağlı fəaliyyət, TANAP və TAP layihələrindəki Azərbaycanın roluna həsr olunmuşdu”.
O vurğulayıb ki, Azərbaycanın bədxahları da var və onlar ölkəmizin böyük layihələrinə kölgə salmağa çalışırlar: “Mən çıxışım zamanı konkret rəqəmlərə, faktlara istinad edərək bildirdim ki, ötən il Azərbaycanda 31 milyard kubmetrədək təbii qaz hasil edilib. Cənub Qaz Dəhlizinin ilkin buraxılış gücünün 16 milyard kubmetr olduğunu nəzərə alsaq, deməli Azərbaycan bu prosesə öz gücü ilə də başlamaq iqtidarındadır. Yaxın illərdə Azərbaycanın qaz hasilatını daha da artırmaq planı var və bu, ölkəmizin Cənub Qaz Dəhlizini sırf öz təbii qazı ilə təmin edəcəyini deməyə əsas verir. Bununla da, ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq və qitəyə daha güclü inteqrasiya edəcək”.
Qeyd edək ki, iclasdan sonra Azərbaycan nümayəndə heyətinin Baltik Assambleyasının rəhbər şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur. Görüşlərdə hər iki tərəfi maraqlandıran məsələlərin müzakirə olunacağı gözlənilir.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Neft - qaz 2019-02-15 16:58:00