×
A
A
A
Sazlamalar

Çexiyanın maliyyə təhlükəsizliyi xidməti oğurluq pulları hesablardan çıxarıb

Praqa, 15 fevral, AZƏRTAC
Çexiya Maliyyə Təhlili İdarəsi təqribən 26 milyon kron (bir milyon avrodan çox) pulu Çexiyadakı hesablardan çıxarıb. AZƏRTAC xəbər verir ki, ehtimala görə, bu pullar Maltanın ən böyük kommersiya banklarından birinə - “Bank of Valletta”ya haker hücumu nəticəsində oğurlanıb. İdarənin başçısı Libora Kazdanın sözlərinə görə, istintaq hələ ilkin mərhələdədir. Odur ki, hakerlərin nə üçün məhz Çexiyanı seçməsi hələlik aydın deyil.
“Bank of Valletta” fevralın 13-də kiberhücumla əlaqədar fəaliyyətini dayandırıb. “Times of Malta” xəbər verir ki, bir gün əvvəl naməlum şəxslər Böyük Britaniya, ABŞ, Honkonq və Çexiyadakı hesablara təqribən 13 milyon avro köçürməyə çalışıblar, lakin onların bu hərəkəti artıq yarım saat sonra diqqəti cəlb edib. Maltanın Baş naziri Cozef Muskatın sözlərinə görə, fırıldaq tranzaksiyaların hamısı izlənib və pullar geri qaytarılıb.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Dünya 2019-02-15 16:09:00