×
A
A
A
Sazlamalar

Gürcüstanın 30-dan çox siyasi partiya və ictimai birliyi proporsional seçki sisteminin bərpasını tələb edir

Tbilisi, 15 fevral, AZƏRTAC

Gürcüstanın 30-dan çox siyasi partiyası və ictimai birliyi ölkədə proporsional seçki sisteminin yenidən bərpa olunmasını istəyir. Buna nail olmaq üçün hakimiyyətə müxalifətdə olan 21 siyasi partiya yeni kampaniyaya başlayıb.
AZƏRTAC xəbər verir ki, “Seçki sistemində dəyişiklik olunması üçün bir milyon imza (səs)” adlanan kampaniyanın məqsədi proporsional seçki sisteminin bərpası ilə bağlı Konstitusiyaya dəyişiklik etməkdir. Bundan əvvəl məsələ ilə əlaqədar yaradılmış təşəbbüs qrupu ölkə parlamentinə müraciət edib.
Parlamentin sədri İrakli Kobaxidze jurnalistlərə bildirib ki, ölkənin yeni Konstitusiyası hazırlanarkən hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası siyasi opponentlərinə müraciət edərək seçki sistemində proporsional sistemin saxlanılmasını təklif etmişdi. Lakin müxalifət bu təklifi rədd edərək seçkilərə yalnız majoritar sistemlə getməyi məsləhət bildi. Artıq yeni Konstitusiya qüvvədədir və məsələ qapadılıb.
Müxalifət bloku fevralın 15-də parlamentin prosedur məsələlər üzrə komitəsinə müraciət edərək imza toplanması üçün xüsusi blanklar istəyib. Müxalifət partiyaları ölkənin regionlarına səfər edərək bir milyon səs toplamaq niyyətindədir.
Müxalifət 2020-ci ildə parlament seçkilərinin proporsional sistem üzrə keçirilməsini istəyir və bunun üçün də bir milyon səs toplamaqla Konstitusiyaya dəyişiklik etmək niyyətindədir.
“Yeni sağçılar” müxalifət partiyasının lideri Mamuka Katsiatadze bildirib ki, təşəbbüs qrupunun arxasında 30-dan çox siyasi partiya və ictimai birlik dayanır. Onlar lazım olan bir milyon səsi toplayacaqlar.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Dünya 2019-02-15 15:07:00