×
A
A
A
Sazlamalar

Maye qaz Berlin üçün boru kəmərlərini əvəz edəcəkmi?

Berlin, 15 fevral, AZƏRTAC

Berlində maye qaza dair Almaniya-Amerika konfransında boru kəmərləri ilə nəql olunan qazı maye qazla əvəzləmək imkanları müzakirə edilib. AFR-də təbii maye qaz daşıyan tankerləri qəbul etmək üçün indiyədək heç bir terminalın olmadığını bildirən Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer konfrans iştirakçılarını əmin edib ki, hökumət belə terminalların tikintisini sürətləndirmək niyyətindədir. O deyib: “Yaxın həftələr ərzində bir və ya bir neçə təbii maye qaz terminalının tikintisi haqqında qərar qəbul ediləcək. Almaniyanın şimalındakı üç şəhərdə - Brunsbüttel, Ştade və Vilhelmshafen şəhərlərində sərmayədarlar buna maraq göstərirlər”.
AZƏRTAC xəbər verir ki, Almaniya dünyanın müxtəlif ölkələrindən - Yaxın və Orta Şərq, Aralıq dənizi ölkələrindən, o cümlədən Misir və İsraildən, lakin, ilk növbədə, ABŞ-dan maye qaz satın almağa hazırlaşır. P.Altmayer deyib: “Biz çox gözəl bilirik ki, ABŞ-da dünya bazarı üçün böyük həcmdə maye qaz istehsal edilir, onun dünyada istehlakı artacaq, gələcəkdə ən iri maye qaz istehsalçısı isə Birləşmiş Ştatlar olacaq. ABŞ Avropanın tələbatını xeyli dərəcədə təmin edə bilər”.
ABŞ-ın energetika nazirinin müavini Den Brulett maye qazı Avropanın enerji təhlükəsizliyinin artırılması və Aİ ölkələrinin təbii qaz təchizatından son dərəcə asılı olması riskinin neytrallaşdırılması amillərindən biri kimi nəzərdən keçirir.
Berlin hesab edir ki, qaza tələbat və onun istehlakı artacaq, Aİ-nin özündə onun hasilatının azalması nəzərə alınsa, bu enerji daşıyıcısının idxalını artırmaq lazım gələcək.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2019-02-15 13:07:00