×
A
A
A
Sazlamalar

Tramp büdcə layihəsini imzalayacaq və fövqəladə vəziyyət rejimi tətbiq edəcək

Bakı, 15 fevral, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp fevralın 15-də dövlət müəssisələrinin maliyyələşməsi ilə bağlı büdcəni imzalamaq və eyni zamanda, ölkədə fövqəladə vəziyyət rejimi tətbiq etmək niyyətindədir.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Sara Sanders məlumat verib. “Prezident hökumətin maliyyələşməsi barədə büdcəni imzalayacaq, həmçinin icra hakimiyyəti sahəsində digər tədbirlər görəcək, o cümlədən milli təhlükəsizlik sahəsində böhranı və sərhəddə humanitar böhranı dayandırmaq üçün ölkədə fövqəladə vəziyyət rejimi elan edəcək”, - deyə o bildirib.
Fövqəladə vəziyyət rejiminin tətbiqi Donald Trampa Meksika ilə sərhəddə səddin tikintisi üçün təxsisatı artırmağa imkan verəcək. Belə ki, konqresdə müzakirə olunan büdcə layihəsində bu məqsəd üçün prezidentin tələb etdiyi 5,7 milyard dollar əvəzinə cəmi 1,375 milyard dollar ayrılıb.
Demokratlar isə öz növbəsində fövqəladə vəziyyət rejiminin elan olunmasına kəskin etiraz bildiriblər. Senatda demokratik azlığın lideri Çak Şumer bunu ümummilli miqyasda qanunsuzluq adlandırıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi isə Donald Trampın qərarına qarşı məhkəmədə iddia qaldırmaqla hədələyib.
Qeyd edək ki, fevralın 14-də Senat maliyyə ilinin sonuna qədər dövlət müəssisələrinin maliyyələşməsini təmin edən büdcə layihəsini qəbul edib. Nümayəndələr Palatasının da analoji addım atacağı gözlənilir.

 

 

Dünya 2019-02-15 12:30:00