×
A
A
A
Sazlamalar

Yaponiya və ABŞ-ın xüsusi təyinatlıları şəhər şəraitində döyüş təlimləri keçiriblər

Tokio, 15 fevral, AZƏRTAC
Yaponiyanın quru qoşunlarının və ABŞ dəniz piyadalarının bölmələri şəhər şəraitində hava desantının çıxarılması və döyüş əməliyyatlarının aparılması təlimləri keçiriblər.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, fevralın 4-də başlayan təlimlər Siqa prefekturasının Takamatsu şəhərindəki hərbi poliqonda təşkil edilib. Təlimlər zamanı ABŞ və yapon xüsusi təyinatlıları şəhərin yaşayış məhəllələrindən birini ələ keçirən şərti düşməni birlikdə zərərsizləşdirməyə çalışıblar.
Yanvarda da iki ölkənin hərbi bölmələri Şərqi Çin dənizində şərti düşmən tərəfindən ələ keçirilən uzaq adaların paraşütlə desant çıxarılması yolu ilə geri alınması ssenarisi üzrə təlimlərdə iştirak ediblər. Həmin təlimlər Tokio prefekturasının şimal-şərqində yerləşən “Naraşino” poliqonunda təşkil edilmişdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-02-15 12:08:00