×
A
A
A
Sazlamalar

Tikinti obyektlərinin inşasına və istismarına icazənin alınması üçün elektron müraciət sistemi təqdim olunub

Bakı, 15 fevral, AZƏRTAC
Elektron Hökumətin İnkişafı Mərkəzində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısında “Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üçün elektron müraciət sistemi” və “Elektron kənd təsərrüfatı sistemi”nin təqdimatı olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, komitənin beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud tikintiyə icazə üçün onlayn müraciət sisteminin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli müvafiq Fərmanı əsasında hazırlandığını vurğulayıb. Sistem Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə hazırlanıb. Elektron müraciət sistemi vasitəsilə tikinti obyektinin sifarişçisi Bakı şəhəri üzrə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınmasını “bir pəncərə” prinsipi əsasında elektron formada həyata keçirə biləcək. Belə ki, sifarişçi qeyd olunan sistemə elektron qaydada müraciət edərək və tələb olunan sənədləri elektron formada yükləyərək 15 iş günü müddətində tikintiyə icazəni, 10 gün müddətində isə istismara icazəni əldə edə bilər.
Kənd Təsərrüfatı Nazirliyinin elektron kənd təsərrüfatı və informasiya sistemlərinin inkişafı departamentinin müdiri Nail İsmayılov “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”nə (EKTİS) dair təqdimat edib və sistemin üstünlükləri ilə bağlı məlumat verib.
O, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə hazırlanan sistemin əsas prisniplərinin aqrar sahədə biznes proseslərinin sadələşdirilməsi, optimallaşdırılması, fermerə daha yaxın olmaq, problemlərin həllinə dəstək vermək, əlavə vaxt itkisinin və bürokratik əngəllərin aradan qaldırılması, şəffaflığın təmin olunması, elektron sistemin kənd təsərrüfatında tətbiq olunması prosesində fermerə lazımi xidmətlərin heç bir yerə getmədən, əlavə xərc çəkmədən, elektron qaydada müraciətin edilməsi və xidmətin alınmasını təmin etmək olduğunu bildirib.
İctimai Şuranın toplantısında hər iki təqdimatlar ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb. Eyni zamanda, sistemlərin təkmilləşdirilməsi üçün təkliflər verilib.

Tikinti̇ 2019-02-15 11:49:00