×
A
A
A
Sazlamalar

Tbilisidə Rusiyadan Gürcüstan ərazisi ilə Ermənistana qaz nəqli üçün tranzit xərclərinə etirazlar artır

Bakı, 15 fevral, AZƏRTAC 

Gürcüstan müxalifəti bu ölkənin ərazisindən Rusiya qazının Ermənistana nəqlinə görə tranzit xərclərinə etiraz edib. Müxalifət partiyaları iddia edirlər ki, Ermənistana qaz nəqlinə dair “Qazprom” şirkəti ilə yeni kontrakt Tbilisiyə 30 milyon dollar zərər verəcək.
AZƏRTAC gürcü mətbuatına istinadla xəbər verir ki, Gürcüstan ərazisindən təbii qazın tranzit xərcləri üzrə 2017-ci ildə imzalanmış sazişin müddəti bitdiyi üçün tərəflər yeni danışıqlara başlayıblar. Tbilisi Ermənistana tədarük edilən qazın ərazisindən nəqlinə görə əvvəllər 10 faiz həcmində olan tranzit xərcinin artırılmasını istəyir. Əvvəlki razılaşmaya görə, “Qazprom” tranzit xərclərinin müqabilində Gürcüstana 200 milyon kubmetr təbii qaz verirdi. Tbilisinin tələbi ilə “Qazprom”un rus-erməni törəmə şirkəti bu xərcləri nağd pulla ödəməyə başlayıb və illik 40 milyon dollar vəsait ödənilib.
Gürcüstanın “Milli hərəkat”dan olan deputatı Roman Qoçiridze bəyan edib ki, Tbilisi Ermənistana nəql olunan qaza görə cüzi məbləğdə ödənişlərə möhtac deyil və sabiq energetika naziri Kaxa Kaladze uzun müddət ictimaiyyətə yanlış məlumat verib. Belə ki, indi qaz tranziti üçün Gürcüstana ödənilən 40 milyon dollar əvəzinə cəmi 11 milyon dollar təklif olunur.

Dünya 2019-02-15 11:22:00