×
A
A
A
Sazlamalar

Vyana İnzibati Əyalət Məhkəməsi Ərəb Etiqad İcmasının ləğvini qanunazidd elan edib

Vyana, 15 fevral, AZƏRTAC
Vyana İnzibati Əyalət Məhkəməsi bu ölkədə fəaliyyət göstərən Ərəb Etiqad İcmasının ləğvini qanunazidd elan edib.
Ötən il Avstriya Dini Etiqad İdarəsi “siyasi İslamı təbliğ etmək” pərdəsi altında bu ölkədə Ərəb Etiqad İcmasının ləğvi, onun nəzdindəki altı məscidin bağlanması və Avstriya Türk İslam Birliyinin 65 imamının ölkədən çıxarılacağını elan etmişdi. Həmin qurum və Daxili İşlər Nazirliyinin apardığı araşdırmaların nəticəsi olan qərara qarşı Ərəb Etiqad İcması məhkəməyə müraciət etmişdi.
AZƏRTAC xəbər verir ki, Avstriya Dini Etiqad İdarəsinin yaydığı məlumata görə, Vyana İnzibati Əyalət Məhkəməsi şikayətə baxaraq, icmanın ləğvi barədə qərarı qanunazidd elan edib. Məhkəmə rəsmi qurumların ləğvetmə qərarı verməzdən öncə mövcud qüsurların aradan qaldırılması üçün icmaya müəyyən müddət möhlət verməli olması qənaətinə gəlib. Həmin vaxt ərzində rəsmi qərarların tələbləri icra edilmədiyi təqdirdə sanksiyaların tətbiqi qanuni sayıla bilərdi.
Avstriyanın dini məsələlər üzrə məsul naziri Qernot Blümel məhkəmənin qərarını anlamadığını deyib və hökumətin həmin qərarın qüvvədə qalması üçün bütün hüquqi vasitələrə əl atacağını vurğulayıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana 

Dünya 2019-02-15 07:30:00