×
A
A
A
Sazlamalar

Avropada əqli mülkiyyətin internetdə qorunması sahəsində islahat aparılacaq

Vyana, 14 fevral, AZƏRTAC 

Əqli mülkiyyətin qorunması informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrümüzdə ciddi məsələyə çevrilib. Bununla bağlı Avropa İttifaqında müəlliflik hüququ ilə bağlı islahatın aparılmasına dair razılıq əldə edilib.
AZƏRTAC xəbər verir ki, Avropa Parlamenti, üzv dövlətlər və Avropa Komissiyası arasında bu barədə razılıq əldə edilib. Bu xəbəri Avropa Komissiyasının vitse-prezidenti Andrus Ansip öz Tvitter səhifəsində təsdiqləyib. Onun sözlərinə görə, Avropa, nəhayət ki, müəllif hüquqları ilə bağlı müasir, onlayn zəmanəsinə uyğun qaydalara sahib olacaq.
İslahatın əsas məqamlarından biri ondan ibarətdir ki, “Google News” və digər onlayn axtarış platformaları istifadəçilərə təqdim etdikləri məqalələrə görə mətbuat nəşriyyatlarına ödəniş etməli olacaqlar. Upload filtrləri ilə yanaşı, axtarış portalları üzərinə öz axtarış nəticələri əsasında nəşriyyatlara ödəniş etmək öhdəliyi qoyula bilər. Bu qaydanın tərəfdarları hesab edirlər ki, onlayn platformalar nəşriyyatlara onların materiallarından istifadəyə görə hazırda heç nə ödəmirlər və əqli mülkiyyətdən istifadəyə görə nəşriyyatlara ödənişlər edilməlidir.
Digər tərəfdən isə orta və kiçik nəşriyyatlar, xəbər saytları və digər portallar isə məhz axtarış portallarının xidmətinə ehtiyac duyurlar. Onlar oxucu dairəsinin genişlənməsində və yeni oxucu və ya izləyici kütləsi əldə etməkdə bu imkandan yararlanırlar və gələcəkdə materiallardan istifadə ödənişli əsaslarla baş verərsə, o zaman axtarış portalları bu saytlara müraciət etməyə də bilərlər.
Eyni zamanda, yeni qaydalar YouTube kimi istifadəçilərin özü tərəfindən hazırlanmış məzmunları paylaşan platformalara da şamil ediləcək. Belə ki, gələcəkdə YouTube və digər paylaşma portalları müəlliflik hüququ qorunan məlumat toplularının (video, audio və s.) icazəsiz paylaşılmasına qarşı mübarizəni gücləndirməlidirlər.
Müəllif hüquqlarının internetdə qorunmasına dair islahatlarla bağlı müzakirələr yaxın həftələrdə Avropa Parlamenti və üzv dövlətlər tərəfindən təsdiqlənməlidir. Bütün tərəflər razılıq əldə edərlərsə, o zaman qarşıdakı iki il ərzində üzv dövlətlər bu islahatları milli qanunvericiliyə daxil etməlidirlər.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Dünya 2019-02-14 19:55:00