×
A
A
A
Sazlamalar

KİV: Camal Kaşıkçının cəsədi ola bilsin ki, sobada yandırılıb

Bakı, 14 fevral, AZƏRTAC

Jurnalist Camal Kaşıkçının cəsədi ola bilsin ki, Səudiyyə Ərəbistanın İstanbuldakı baş konsulunun iqamətgahının ərazisindəki sobada yandırılıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin NTV telekanalı bu barədə İstanbul Təhlükəsizlik İdarəsinin hesabatına istinadla məlumat yayıb.
Məlumata əsasən, diplomatik missiyanın ərazisində iki kanalizasiya quyusu, həmçinin odun və təbii qazla işləyən soba var. Həmin sobada hərarət min dərəcəyə qədər qalxa bilər ki, bu da yumşaq toxumaları, sümükləri və hətta DNT-ni tamamilə məhv etmək üçün kifayətdir.
Polisin təhqiqatına görə, Camal Kaşıkçının qətlindən sonra baş konsulluğun əməkdaşları şəhərdəki populyar restoranlardan birinə 32 pay çiy ət çatdırılması sifarişi veriblər. Polis diplomatların bunu nə üçün etdikləri barədə məlumatlı deyil.
Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin diplomatik missiyada yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də, sonradan cinayətin planlı şəkildə törədildiyini etiraf etmişdi. Lakin hadisədən dörd aya yaxın vaxt keçməsinə baxmayaraq, Kaşıkçının cəsədi hələ də tapılmayıb.
Camal Kaşıkçı Ər-Riyadın siyasətinə tənqidi münasibəti ilə tanınırdı. 2017-ci ildə ABŞ-a köçən jurnalist “The Washington Post” qəzetində Səudiyyə Ərəbistandakı vəziyyətə dair analitik yazılarla çıxış edirdi.

Dünya 2019-02-14 19:27:00